AZ

Saatlıq əməkhaqqı sisteminə keçidə start verilir? Deputatdan AÇIQLAMA

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid daha qısa müddətdə reallaşa bilər.

"AzPolitika" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov bildirib.

Deputat qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saatlıq əməkhaqqı ilə bağlı qanun layihələrinin hazırlanması istiqamətində işlər aparılır. Onun sözlərinə görə, bu, əmək bazarında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Vüqar Bayramov vurğulayıb ki, inkişaf etmiş ölkələrin təcrübəsi saatlıq əməkhaqqı sisteminin bir sıra üstünlüklərə malik olduğunu göstərir. Belə ki, bu model vətəndaşların əsas iş saatlarından artıq – “overtime” rejimində işlədikləri müddətə görə əlavə ödəniş almalarını təmin edir. Eyni zamanda bu sistem bir neçə iş yerində çalışmaq imkanlarını genişləndirir ki, bu da əmək bazarı üçün mühüm amillərdən hesab olunur.

Millət vəkili izah edib ki, yeni mexanizmin tətbiqi əməkhaqqının aylıq deyil, saatlıq əsasda hesablanmasına gətirib çıxaracaq. Onun sözlərinə görə, saatlıq əməkhaqqı sisteminin tətbiqi vətəndaşların işlədikləri vaxtın daha dəqiq – saatlar üzrə hesablanmasına imkan yaradacaq və bu da əməkhaqqında artımlara səbəb ola bilər.

Deputat əlavə edib ki, bu model çərçivəsində vətəndaşlar saatlar üzrə differensial şəkildə bir deyil, bir neçə iş yerində fəaliyyət göstərə biləcəklər. Bu isə onların ümumi gəlirlərinin artmasına təsir edən əsas amillərdən biri olacaq.

Vüqar Bayramov beynəlxalq təcrübəyə istinad edərək bildirib ki, qeyri-iş günlərində və iş saatlarından sonra çalışan vətəndaşlara xüsusi əmsalların tətbiqi nəzərdə tutula bilər. Bu da əlavə əməkhaqqı əldə edilməsinə imkan yaradır.

Deputat vurğulayıb ki, saatlıq əməkhaqqı sistemi inkişaf etmiş ölkələrdə geniş tətbiq olunan mexanizmdir və əsas məqsəd vətəndaşların əməyinin daha yüksək qiymətləndirilməsidir.

Eyni zamanda o qeyd edib ki, yeni sistem tətbiq olunarkən müvafiq meyarlar müəyyənləşdiriləcək. Saatlıq əməkhaqqı üçün minimum məbləğlər müəyyən ediləcək və bu göstəricilər aylıq minimum əməkhaqqına uyğunlaşdırılmaqla daha yüksək səviyyədə formalaşdırılacaq.

Vüqar Bayramov bildirib ki, hazırda mexanizmin hazırlanması prosesi davam edir və son razılaşdırmalardan sonra tətbiq müddəti ilə bağlı qərar veriləcək. Bu sistemin tətbiqi bütövlükdə əməkhaqqı mexanizmində mühüm yenilik kimi çıxış edəcək.

"AzPoıitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
51
azpolitika.info

1Mənbələr