Diqqət çəkən digər mühüm istiqamət müdafiə sənayesidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Çexiya ilə bu sahədə uzun illərdir uğurlu əməkdaşlıq mövcuddur. Azərbaycan Çexiyadan müxtəlif hərbi təyinatlı məhsullar alır və hazırda birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar aparılır. Bu isə əməkdaşlığın yeni, daha dərin mərhələyə keçdiyini göstərir. Güclü müdafiə sənayesi olan Çexiya ilə Azərbaycanın yerli istehsal potensialının birləşməsi regional təhlükəsizlik baxımından da mühüm əhəmiyyət daşıyır. Bu münasibətlərin arxasında yalnız iqtisadi maraqlar yox, həm də siyasi etibar dayanır. Hökumətlərarası Komissiyanın fəallaşdırılması, yüksək səviyyəli qarşılıqlı səfərlər, parlamentlərarası əlaqələr və çoxtərəfli platformalarda əməkdaşlıq bu tərəfdaşlığın institusional bazasını gücləndirir. Prezident İlham Əliyevin Çexiyaya dəfələrlə səfər etməsi, Çexiya rəhbərliyinin Azərbaycana rəsmi səfərləri bu münasibətlərin davamlı xarakter daşıdığını sübut edir.
Bu gün Bakı ilə Praqa arasında qurulan körpü sadəcə iki paytaxtı birləşdirmir. Bu körpü enerji təhlükəsizliyini, iqtisadi inkişafı, sənaye əməkdaşlığını, müdafiə potensialını və siyasi sabitliyi bir araya gətirir. Azərbaycan-Çexiya dostluğu artıq diplomatik ifadə deyil. Bu, real nəticələr doğuran strateji xəttdir".