AZ

Alim Marsa "ən qısa yol"u tapıb, lakin hər şey o qədər də sadə deyil

Kosmik aparatın 20 aprel 2031-ci ildə Yerdən start götürərək 56 günə Mars orbitinə çatması, ekipajın beş həftə səthdə qalması və daha sonra 135 günə Yerə qayıtması artıq fantastika kimi görünmür...

Poliqon xəbər verir ki, bu barədə Daily Galaxy yazır.

Qeyd olunur ki, indiyədək hazırlanmış bütün pilotlu Mars missiyası konsepsiyaları ilə müqayisədə bu müddət son dərəcə qısadır. Müasir kimyəvi mühərriklər yalnız bir istiqamət üzrə uçuş üçün 7–9 ay tələb edir. Lakin Acta Astronautica jurnalında dərc olunan tədqiqata görə, 226 günlük gediş-gəliş marşrutu riyazi baxımdan mümkündür.

Braziliyanın Şimali Fluminense Dövlət Universitetinin astrofiziki Marselo de Oliveyra Souza yeni mühərrik icad etməyib və ya qeyri-adi fiziki yanaşmalardan istifadə etməyib. O, 2015-ci ildə müəyyən edilmiş 2001 CA21 asteroidinin ilkin orbitini geometrik model kimi tətbiq edib.

Erkən müşahidələr bu asteroidin Yer və Mars orbitlərini kəsən uzunsov ellips trayektoriyasını göstərirdi. Sonrakı məlumatlar orbiti dəqiqləşdirsə də, ilkin model ekstremal keçid bucaqlarını yoxlamaq üçün uyğun baza təqdim edib.

Alim əsas şərt qoyub: trayektoriya asteroid orbitinin müstəvisindən 5 dərəcədən çox kənara çıxmamalıdır. Daha sonra o, Marsın üç gələcək qarşıdurma pəncərəsini xüsusi hesablama aləti ilə analiz edib. 2027 və 2029-cu illər uyğun gəlməyib, lakin 2031-ci il fərqli nəticə verib.

Həmin il üçün iki mümkün ssenari müəyyən edilib. Birinci – ekstremal variant 33 günə Marsa uçuş, 30 gün səthdə qalma və 90 günə qayıdış olmaqla ümumilikdə 153 gün çəkir. İkinci variant isə 56 günə uçuş, 35 gün səthdə qalma və 135 günə qayıdışla ümumilikdə 226 gün davam edir.

Belə uçuşlar üçün tələb olunan sürət mövcud texnologiyaların imkanlarını xeyli aşır. 56 günlük trayektoriya üçün kosmik aparatın sürəti təxminən saniyədə 16,9 kilometr olmalıdır.

Bu isə adi Mars missiyası ilə müqayisədə təxminən 15 dəfə daha çox enerji tələb edir. 33 günlük variant isə təxminən 40 dəfə çox enerji tələb edir və onun başlanğıc sürəti kimyəvi mühərriklərin nəzəri imkanlarını belə üstələyir.

Eyni zamanda, Marsa daxilolma və Yerə qayıdış zamanı yaranan yüksək sürətlər istilik qoruyucu texnologiyaların da sərhədlərini sınağa çəkir.

Tədqiqatda qeyd olunur ki, bu cür missiyalar üçün kimyəvi raketlər kifayət deyil. Alternativ kimi nüvə istilik mühərrikləri göstərilir. Bu texnologiya hidrogeni reaktor vasitəsilə qızdıraraq daha yüksək effektivliklə itələmə qüvvəsi yaradır.

Bu yanaşma artıq nəzəri deyil. 2023-cü ildə Fransanın CEA agentliyi Avropa Kosmik Agentliyi ilə birlikdə belə mühərriklərin hazırlanması üzrə proqram başladıb. Məqsəd Marsa uçuş müddətini azaltmaq və astronavtların radiasiyaya məruz qalmasını minimuma endirməkdir.

Hazırda bu konsepsiya yalnız nəzəri hesablamalara əsaslanır və kosmik aparatın dizaynı, kütləsi və digər texniki detalları hələ işlənməyib. Bununla belə, tədqiqat göstərir ki, sürətli Mars missiyası üçün uyğun trayektoriya real orbital mexanika çərçivəsində mövcuddur.

İndi əsas sual bu ideyanın praktik həyata keçirilməsi üçün uyğun texnologiyaların yaradılıb-yaradılmayacağıdır.

Poliqon.info

Seçilən
50
poliqon.info

1Mənbələr