AZ

Bu mövsüm pambıqçılar su sarıdan korluq çəkməyəcəklər

Salyan rayonunda aqrar bölmənin ənənəvi sahələrindən olan pambıqçılığın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu günlər rayon rəhbərliyi pambıq əkin sahələrinə baş çəkib, fermerlərlə görüşüb. 

Görüş zamanı aidiyyəti təşkilatların nümayəndələri pambıq əkini ilə əlaqədar görülmüş hazırlıq işləri barədə məlumat veriblər. Görüşdə sahələrə aqrotexniki qulluq tədbirləri, yeni əkin üsullarının məhsuldarlığa müsbət təsiri, düzgün toxum seçimi, suvarma məsələləri və digər mövzularda fikir mübadiləsi aparılıb. Bildirilib ki, səpin aparılan təsərrüfatda sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib və pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin ediliblər.

Yüksək məhsuldarlıq əldə etmək üçün əkin sahələrində aqrotexniki becərmə qaydalarına ardıcıl və düzgün əməl olunması üçün təşkilat rəhbərlərinə göstəriş və tövsiyələr verilib. Bildirilib ki, iqlim dəyişiklikləri, havaların əlverişsiz keçməsi pambıqçılar üçün müəyyən çətinliklər yaratsa da, aqrotexniki tədbirlərlə bu cür müvəqqəti çətinliyin öhdəsindən gəlmək mümkündür. Qeyd edilib ki, bu il su bol olduğu üçün sahələrin suvarılmasında heç bir problem yaşanmayacaq. Deməli, məhsuldarlığın yüksək olacağına ümid var. O da vurğulanıb ki, pambıqçılığın inkişafı istiqamətində dövlət dəstəyi tədbirləri gücləndirildiyindən sahəyə maraq  artmışdır. Qalır vaxtdan və yaradılan imkanlardan səmərəli istifadə etmək. 

S.QUBADOĞLU,

 "Azərbaycan"

Seçilən
67
azerbaijan-news.az

1Mənbələr