AZ

“Azculture.az” veb-platformasının təqdimatı keçirildi

29 aprel 2026-cı il tarixində “Dədə Ələsgər Ocağı” İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan mədəniyyətinin müasir rəqəmsal alətlər vasitəsilə təbliği üçün multifunksional veb-platformanın yaradılması” layihəsi çərçivəsində hazırlanmış azculture.az saytının təqdimat mərasimi keçirilib.

 

Tədbiri giriş sözü ilə açan “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri və layihə rəhbəri Xətai Ələsgərov iştirakçıları salamlayaraq bildirib ki, layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatları üçün elan edilmiş qrant müsabiqəsi çərçivəsində qalib seçilərək həyata keçirilib. Layihənin əsas məqsədi Azərbaycan mədəni irsinin qorunması, rəqəmsal mühitdə təbliği və geniş auditoriyaya çatdırılmasıdır.

Natiq onuda qeyd edib ki, yeni yaradılmış azculture.az platforması çoxşaxəli struktura malikdir və istifadəçilərə müxtəlif istiqamətlər üzrə zəngin məzmun təqdim edir. Saytda mədəniyyətin müxtəlif sahələrini əhatə edən bölmələr yer alır. 

Platformada teatr və kino sahəsinə dair yeniliklər, musiqi və muğam sənəti, ədəbiyyat və publisistika, xalçaçılıq və tətbiqi sənət nümunələri, multikultural dəyərlər, Qarabağ və işğaldan azad olunmuş ərazilərin mədəni irsi, elmi araşdırmalar və analitik məqalələr kimi istiqamətlər xüsusi yer tutur.

Bununla yanaşı, platformada xüsusi layihə və tematik bölmələr də təqdim olunur ki, bu da müəyyən mövzular üzrə məlumatların sistemli şəkildə istifadəçilərə çatdırılmasına imkan yaradır. Sayt həmçinin mobil cihazlara uyğunlaşdırılmış versiyası ilə geniş auditoriya üçün əlçatanlığı təmin edir.

Tədbirdə mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, media təmsilçiləri iştirak ediblər. İştirakçılar saytla yaxından tanış olub, platformanın funksionallığı və gələcək inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.Çıxışlar zamanı qeyd edilib ki, bu cür rəqəmsal təşəbbüslər Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.



Seçilən
35
2
herbiand.az

3Mənbələr