AZ

Metro və avtobuslarda gedişhaqqı ilə bağlı YENİLİK


May ayında Ümumdünya Şəhərsalma Forumu ərəfəsində paytaxtda nəqliyyat sahəsində rəqəmsal yeniliklər davam edir. Silsilə tədbirlər çərçivəsində artıq həm marşrut avtobuslarında, həm də metropolitendə xarici bank kartları ilə ödəniş imkanı yaradılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Gender.az-a verilən məlumata görə, ictimai nəqliyyatda xarici emissiyalı bank kartları vasitəsilə NFC texnologiyası əsasında təmassız ödəniş sistemi istifadəyə verilib.

Bu yenilik sayəsində xarici vətəndaşlar və turistlər əlavə kart və ya yerli ödəniş vasitəsi əldə etmədən birbaşa beynəlxalq bank kartları ilə nəqliyyatdan istifadə edə biləcəklər. Əvvəllər isə bu imkan yalnız yerli bank kartları üçün mövcud idi.

Qeyd edək ki, NFC əsaslı ödəniş sisteminin tətbiqinə ötən ildən başlanılıb və hazırda Bakı və Gəncə şəhərlərində, həmçinin Bakı–Sumqayıt marşrutlarında istifadə olunur. Bu yanaşma sərnişinlər üçün rahatlığı artırmaqla yanaşı, xidmət keyfiyyətinin yüksəldilməsinə də xidmət edir.

Eyni zamanda, Bakı Metropoliteni də rəqəmsal ödəniş imkanlarını genişləndirib. Artıq sərnişinlər metroda da xarici bank kartlarından istifadə etməklə turniketlərdən sürətli və rahat keçid edə bilirlər.

Məlumata görə, metropolitendə NFC texnologiyasına əsaslanan ödəniş sistemindən bu günədək 31 milyondan çox sərnişin istifadə edib və hazırda bu üsul ümumi ödənişlərin təxminən 29 faizini təşkil edir.


Hər iki yenilik K-Group şirkəti və banklarla əməkdaşlıq çərçivəsində həyata keçirilib. Yeni sistem xüsusilə Bakıya gələn turistlər üçün əlavə rahatlıq yaradaraq şəhərin nəqliyyat infrastrukturunun əlçatanlığını daha da artırır.

Seçilən
79
35
gender.az

10Mənbələr