Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trump ilə telefon danışığı zamanı İkinci Dünya Müharibəsində Qələbənin 81-ci ildönümü münasibətilə Ukraynada atəşkəs elan etməyə hazır olduğunu bildirib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, liderlər arasında bir saat yarımdan çox davam edən telefon danışığında beynəlxalq gündəlikdə duran məsələlər müzakirə olunub. Vladimir Putin Donald Trampa qarşı sui-qəsd cəhdini qətiyyətlə pisləyib və ona dəstəyini ifadə edib.
Rusiya lideri, həmçinin ABŞ Prezidentinin İranla bağlı atəşkəs rejimini uzatmaq qərarını düzgün hesab etdiyini bildirib, ABŞ-nin bu ölkəyə qarşı quru əməliyyatı keçirmək planını isə təhlükəli adlandırıb.
Rusiya tərəfi İran, Körfəz ölkələri, İsrail və ABŞ ilə fəal təmasları davam etdirmək niyyətini təsdiqləyib.
Donald Tramp isə öz növbəsində Ukraynadakı münaqişənin başa çatmasına gətirib çıxaracaq razılaşmanın tezliklə imzalanacağına ümid etdiyini bildirib.