AZ

Prezidentin təbii fəlakət qurbanlarına 85 milyonluq dəstəyi “talançıların yemi” ola bilər...



İlqar Hüseynli: “Əgər həmin vəsait təyinatı üzrə xərclənməzsə, mövcud problemlər öz həllini tapmayacaq”

Prezident İlham Əliyev aprelin 28-də sel və daşqınların təhlükəli təsirlərinə qarşı mübarizə tədbirləri haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakıda və ölkənin müxtəlif bölgələrində güclü leysan yağışları nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün Prezidentin ehtiyat fondundan 85 milyon 869 min 260 manat vəsait ayrılıb. Ayrılan maliyyənin bir hissəsi rayonlarda yeni fərdi evlərin tikintisinə, zərərçəkənlərin mənzil təmiri və kirayə xərclərinə yönəldiləcək. Bu proses çərçivəsində bəndlərin inşası, kollektorlardakı çökmələrin aradan qaldırılması, nasos stansiyalarının mühərriklərinin yenilənməsi, körpülərin bərpası və yolların təmiri də nəzərdə tutulur.

Bu, çox ciddi həcmdə olan maliyyə vəsaitdir. Bu vəsaitin xərclənməsinə ciddi nəzarət olsa, dəyən ziyanların aradan qaldırılmasında sərəncam nə kimi səmərəli rol oynayacaq?

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən ekspert İlqar Hüseynli hesab edir ki, hardasa 86 milyon manatın ayrılması kiçik rəqəm deyil: “Ayrılan vəsait bir neçə dövlət qurum arasında bölüşdürülərək yönləndirilir. Fövqəladə Hallar Nazirliyinə səkkiz milyon səkkiz yüz yetmiş altı min iki yüz on manat, Bakı Şəhər İcra Hakimiyyətinə bir milyon dörd yüz otuz yeddi min üç yüz on beş manat, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə iyirmi bir milyon dörd yüz qırx üç min səkkiz yüz yetmiş beş manat, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə otuz doqquz milyon bir yüz üç min altı yüz manat və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə on beş milyon səkkiz min iki yüz altmış manat vəsait ayrılıb. Əgər bu vəsait təyinatı üzrə xərclənsə, mövcud problemlərin çoxunu həll etmək mümkün olacaq. Hazırda Kür çayının daşması ilə bir sıra rayonlarda problem yaranıb. Evlər su altında qalıb. Bu baxımdan bəndlərin bərpa edilməsi, rekonstruksya olunması çox vacibdir və buna ehtiyac var. Nasos qurğuları yenilənməlidir. Su ötürücü sistemlər modernləşdirilməlidir. Vaxtilə Kür çayından Hacıqabul gölünə intensiv olaraq su ötürülürdü. Ancaq hazırda həmin Hacıqabul gölü quruyub və bu da ciddi ekoloji böhrana gətirib çıxarıb. Çox yaxşı nasos qurğuları olsaydı, Kürdə suyun səviyyəsi kəskin artanda onu Hacıqabul gölünə yönəltmək olardı. Ona görə də hesab edirəm ki, daşqınlarla bağlı Prezident sərəncamı ilə ayrılan vəsaitlərə ciddi nəzarət mexanizmi olmalıdır. Şərt deyil bu məqsədlə dövlət büdcəsindən böyük vəsait ayrılıb, əsas odur həmin vəsait təyinatı üzrə xərclənsin. Əgər həmin vəsait təyinatı üzrə xərclənməzsə, mövcud problemlər öz həllini tapmayacaq. Ya da alayarımçıq olaraq həll ediləcək. Elə etmək lazımdır ki, layihə smetaları şişirdilməsin. Əksər hallarda bu yolla vəsaitləri mənimsəyirlər”.

Vidadi ORDAHALLI

Seçilən
34
baki-xeber.com

1Mənbələr