Serbiyanın paytaxtı Belqradda, Taşmaydan parkı ərazisində Azərbaycanın Serbiyadakı səfirliyinin təşəbbüsü və "AzVirt" şirkətinin maliyyə dəstəyi ilə şahmat pavilyonunun açılış mərasimi keçirilib.
Bu barədə 90deqiqe.Az-a Azərbaycanın Serbiyadakı səfirliyindən məlumat verilib.
Tədbirdə Serbiyanın İdman Nazirliyinin dövlət katibi Marko Keşel, Serbiya Şahmat Federasiyasının prezidenti Andriya Yorqiç, eləcə də səfirliyin əməkdaşları iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin parkdakı abidəsinin yaxınlığında belə bir pavilyonun istifadəyə verilməsi xüsusi əhəmiyyət daşıyır. Bildirilib ki, Azərbaycan ilə Serbiya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Eyni zamanda vurğulanıb ki, Prezident İlham Əliyevin fevral ayında Belqrada rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir.
Rəsmi açılış mərasimindən sonra pavilyonda şahmat üzrə blitz turnir təşkil olunub.