AZ

Bakının premium ərazilərində torpaq: 1 sot 2 milyon manata satılır

"Bakıda torpaq sahələri, xüsusilə şəhərin mərkəzi və premium ərazilərində olduqca məhdud sayda mövcuddur və açıq bazarda demək olar ki, nadir hallarda rast gəlinir. Bu tip torpaqlar adətən daşınmaz əmlak saytlarında və ya kütləvi informasiya vasitələrində yer almır".

Bunu Far.Az-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, bu satışlar əsasən qapalı dairələrdə, fərdi razılaşmalar əsasında həyata keçirilir:

"Bu səbəbdən də həmin ərazilərdə torpaq qiymətləri ilə bağlı dəqiq və təsdiqlənmiş məlumat tapmaq çətindir, lakin bu bazarın mövcudluğu şübhə doğurmur.

Aparılan hesablamalara görə, xüsusilə söküntü prosesləri zamanı verilən kompensasiyalar əsasında müəyyən etmək olur ki, şəhərin mərkəzi hissələrində – məsələn, Əziz Əliyev meydanı və "Torqovı" kimi tanınan ərazilərdə torpağın bir kvadratmetri təxminən 20 min manat civarındadır. Bu isə bir sot torpağın qiymətinin təxminən 2 milyon manata çatması deməkdir. Bu yüksək qiymətlər həmin ərazilərdə yerləşən obyektlərin bahalığından çox, torpağın yerləşdiyi məkanın dəyəri ilə bağlıdır.

Digər mərkəzi küçə və prospektlərdə də torpaq qiymətləri yüksək olaraq qalır. Məsələn, Neftçilər prospektində bir sot torpaq təxminən 700 min manat, Məmməd Araz, Həsən Əliyev və Yusif Səfərov küçələrində isə qiymətlər 500–550 min manat arasında dəyişir.

Atatürk və Hüseyn Cavid prospektlərində 500 min manat qiymət aralığı müşahidə olunur. Ağ Şəhər layihəsi çərçivəsində bəzi ərazilərdə torpağın bir kvadratmetri təxminən 6 min manat təşkil edir ki, bu da bir sot üçün 600 min manat deməkdir.

Ümumilikdə, Bakı şəhərində ən bahalı torpaq sahələri əsasən Nəsimi, Səbail, Nərimanov, Yasamal və Xətai rayonlarında yerləşir və bu ərazilər premium seqment hesab olunur".

Orxan Hüseyn

Seçilən
15
far.az

1Mənbələr