Karakasın belə bir addımı ABŞ prezidenti Donald Trampın istəyindən asılı ola bilər...
Poliqon xəbər verir ki, bu barədə “Globe and Mail” nəşri məlumat yayıb. Nəşrin şərhçisi Erik Reguli hesab edir ki, BƏƏ-dən sonra OPEC-i tərk edə biləcək növbəti ölkə Venesuela ola bilər.
“Bunu təxmin etmək çətin deyil, OPEC-dən növbəti kimin çıxacağı aydındır. Əmin ola bilərsiniz ki, Tramp Venesuelanın da BƏƏ kimi OPEC-dən çıxmasını istəsə, bu baş verəcək”, deyə müəllif yazıb.
Regulinin fikrincə, ölkə prezidenti Nikolas Maduronun qaçırılmasından sonra dünyanın ən böyük neft ehtiyatlarına malik olan Venesuela faktiki olaraq Vaşinqtondan asılı vəziyyətə düşüb.
Qeyd olunur ki, daha əvvəl “Reuters” Agentliyi BƏƏ-nin OPEC-dən çıxmaq qərarını Tramp üçün siyasi qələbə kimi qiymətləndirmişdi. Agentliyin məlumatına görə, Tramp bundan əvvəl təşkilatı neft qiymətlərini süni şəkildə artırmaqda ittiham edirdi.
Ekspertlər hesab edirlər ki, Venesuelanın mümkün çıxışı OPEC-in qlobal neft bazarındakı mövqeyini daha da zəiflədə bilər. Belə bir ssenari kartelin hasilat siyasətinə təsir imkanlarını azaldar və ABŞ-nin enerji bazarındakı geosiyasi rolunu gücləndirə bilər.
Poliqon.info