ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 29 aprel, AZƏRTAC
Azərbaycan rəqs sənəti zəngin ənənələri və peşəkar məktəbi sayəsində beynəlxalq aləmdə uğurla tanınır. Ölkəmizi xaricdə layiqincə təmsil edə bilən ifaçıların yetişdirilməsində Bakı Xoreoqrafiya Akademiyası mühüm rol oynayır.
29 aprel - Beynəlxalq Rəqs Günü münasibətilə AZƏRTAC Xalq artisti Yusif Qasımovla həmsöhbət olub.
Xalq artisti bildirib ki, artıq 35 ildir akademiyada çalışır və bu müddətdə tələbələri ilə birlikdə Azərbaycanı dəfələrlə xarici ölkələrdə təmsil edib. Xüsusilə, 2000-ci ildən 2019-cu ilədək akademiyanın tələbələri Kanada, ABŞ və Avropanın təxminən 20 ölkəsində çıxış ediblər.
“Tələbələr burada çox ciddi hazırlıq keçirlər. Onların inkişafında və peşəkar kimi formalaşmasında müəllimlərin, eləcə də bu prosesi daim nəzarətdə saxlayan rəhbərliyin böyük əməyi var”, – deyə həmsöhbətimiz vurğulayıb.
O qeyd edib ki, beynəlxalq müsabiqələrdə qazanılan nəticələr tələbələrin hazırlıq səviyyəsinin yüksək olduğunu göstərir.
“16 beynəlxalq müsabiqənin 14-də birinci yeri qazanmışıq, ikisində isə Qran-priyə layiq görülmüşük. Bu da sübut edir ki, tələbələrimiz müsabiqə və festivallarda ölkəmizi dünya səviyyəsində uğurla təmsil etməyə qadirdirlər”, – deyə Xalq artisti bildirib.
Yusif Qasımov qeyd edib ki, ölkənin aparıcı kollektivlərinin əsasını akademiya məzunları təşkil edir. Onun sözlərinə görə, Dövlət Rəqs Ansamblının heyətinin təxminən 95 faizi, Dövlət Mahnı və Rəqs Ansamblının isə 90 faizə yaxını bu təhsil ocağının məzunlarıdır. Onların arasında fəxri adlara layiq görülən sənətçilər də var.
“Bu gün burada hər kəs Bakı Xoreoqrafiya Akademiyasının dünya miqyasında tanınması üçün bütün gücü ilə çalışır”, – deyə o əlavə edib.
Tədris prosesinin inkişafından danışan Xalq artisti bildirib ki, əvvəlki illərdə akademiyada xarici tələbələr də oxuyurdu və onlar üçün yataqxana ayrılmışdı. Hazırda əsas diqqət yerli kadrların – regionlardan və Bakıdan olan tələbələrin hazırlanmasına yönəlib: “Bizim üçün Azərbaycan milli rəqsinin inkişafı daha vacibdir. Buna görə də əsasən yerli tələbələri cəlb etməyə çalışırıq ki, gələcəkdə onları beynəlxalq səhnəyə çıxaraq”.
O bildirib ki, akademiyanın tələbələri Avropanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konsertlərdə, festivallarda və müsabiqələrdə mütəmadi iştirak edirlər. Onun sözlərinə görə, hazırladığı yetirmələrin müstəqil şəkildə beynəlxalq yarışlara qatılaraq yüksək nəticələr əldə etdiyi hallar da olub.
“Bir dəfə tələbələrim Belarusda keçirilən müsabiqəyə getmişdilər. Mənə xəbər verdilər ki, onlar Qran-pri və birinci yer qazanıblar. Bu, şübhəsiz, bizim ümumi əməyimizin nəticəsidir”, – deyə o bildirib.
Həmsöhbətimiz xaricdə Azərbaycan rəqsinə göstərilən maraqdan da danışıb. O qeyd edib ki, xarici tamaşaçılar bu sənətə böyük rəğbət bəsləyirlər.
“Fransanın Bordo şəhərində keçirilən böyük müsabiqədə çıxış etmişik. Tədbirdə minə yaxın tamaşaçı var idi. Konsertdən sonra onların çoxu bizə yaxınlaşaraq heyran qaldıqlarını bildirir, rəqslərin gözəlliyini və musiqini yüksək qiymətləndirir, mütləq Azərbaycana gələcəklərini söyləyirdilər”, – deyə o xatırlayıb.
Y.Qasımov əlavə edib ki, oxşar maraq Şimali Amerikada da müşahidə olunub. Belə ki, 2000-ci ildə kollektiv 45 gün Kanada və ABŞ-da qastrol səfərində olub. Kanadada Toronto, Monreal və digər şəhərlərdə çıxışlar və müsabiqələr keçirilib. Həmin tədbirlərdə iştirak edən 24 ölkənin nümayəndələri də Azərbaycan rəqs sənətinə böyük maraq göstəriblər: “Çıxışlardan sonra başqa ölkələrdən olan iştirakçılar tələbələrimizə yaxınlaşaraq onlardan rəqsin bəzi elementlərini öyrətməyi xahiş edirdilər. Maraq həqiqətən çox böyük idi”.
Sonda Xalq artisti vurğulayıb ki, Azərbaycan milli rəqsinin zənginliyi və müxtəlifliyi onu ayrı-ayrı musiqi əsərləri ilə ahəngdar şəkildə birləşdirməyə imkan verir: “Biz rəqs hazırlayanda əvvəlcə musiqini seçirik, sonra ona uyğun hərəkətləri qururuq. Rəqs elementlərimiz o qədər çoxşaxəlidir ki, demək olar, istənilən melodiyaya uyğunlaşdırmaq mümkündür. Elə buna görə də, xaricdə bu cür böyük maraq doğurur”.
Y.Qasımov qeyd edib ki, akademiya bundan sonra da Azərbaycanı beynəlxalq səhnədə layiqincə təmsil edə biləcək ifaçıların hazırlanması istiqamətində səylərini davam etdirəcək.






Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.