AZ

Enerji təhlükəsizliyində Norveç modeli

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Yaxın Şərqdəki son gərginlik və Hörmüz boğazının bağlanması qlobal enerji bazarında tarixin ən ağır böhranına səbəb olub. Neft və qazdan asılı olan ölkələr, o cümlədən Böyük Britaniya qiymət artımından ən çox zərər çəkən tərəflərdir. Britaniyanın enerji tələbatının 75 faizi neft və qazın payına düşür ki, bu da ölkəni qlobal bazarlardakı dalğalanmalara qarşı həssas edir. Bu vəziyyətdən çıxış yolu kimi çox vaxt Şimal dənizində qazma işlərinin artırılması təklif olunur. Lakin mütəxəssislər hesab edirlər ki, əsl həll yolu qonşu Norveçin nümunəsində olduğu kimi sürətli elektrikləşdirmədir.

“World News” xəbər verir ki, Norveç zəngin neft-qaz ehtiyatlarına malik olsa da, daxili istehlakda elektrik enerjisindən istifadəyə üstünlük verir. Məsələn, Norveçdə hər min evə 662 istilik nasosu düşdüyü halda, Britaniyada bu rəqəm cəmi 24-dür.

Şimal dənizində yeni lisenziyaların verilməsi Britaniyanın enerji asılılığını tam həll etməyəcək, çünki bu yataqlar artıq tükənmək üzrədir. Bunun əvəzinə, Norveç kimi nəqliyyatda elektrikli avtomobillərin, evlərdə isə istilik nasoslarının payını artırmaq daha effektiv gediş hesab olunur. Norveçdə satılan yeni avtomobillərin 98 faizi elektrikli olsa da, Britaniyada bu göstərici hələ də aşağıdır. Bu keçid asan deyil və böyük investisiyalar tələb edir. Norveçdən fərqli olaraq, Britaniyanın nəhəng hidroenerji resursları yoxdur, lakin ölkə külək və günəş enerjisi sahəsində sürətlə inkişaf edir. 

Bərpa olunan enerji sahəsinə qoyulan sərmayələr Britaniyanı 2030-cu illərdə elektrik enerjisi ixracatçısına çevirəcək və onu “yanacaq asılılığından” xilas edəcək.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
72
azerbaijan-news.az

1Mənbələr