AZ

Kamran Qasımov: Ordubadın zəngin irsi beynəlxalq auditoriyaya təqdim olunacaq

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 29 aprel, AZƏRTAC

“Cənnətin iqamətgahı” filmi musiqili-etnoqrafik janrda sənədli ekran işidir. Filmdə ilk dəfə olaraq Ordubadın tarixi məhəllələri, memarlıq abidələri və zəngin coğrafiyası etnoqrafik-sənədli vasitələrlə yanaşı, musiqi vasitəsilə də tamaşaçıya çatdırılacaq. Layihədə yerli bayatılara xüsusi yer ayrılıb və filmdə 9-10 bayatının yer alması nəzərdə tutulur. Musiqilər isə orijinal şəkildə yazılır.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, “Cənnətin iqamətgahı” adlı sənədli-etnoqrafik-musiqili filmin ssenari müəllifi və quruluşçu rejissoru Kamran Qasımov deyib.

Filmin ideyasının yaranmasından danışan müəllif qeyd edib ki, onun kökləri Ordubadla bağlıdır və bu qədim şəhər onu hər zaman özünəməxsusluğu, fərqli memarlığı və qədimliyi ilə cəlb edib. Ordubadın xüsusilə “Mingis”, “Ambaras”, “Sərşəhər”, “Cümə məscidi”nin yerləşdiyi ərazi və ətraf mühit özünəməxsus atmosferə malikdir.

O, araşdırmalar zamanı maraqlı tarixi faktlarında üzə çıxdığını deyib: “Bu ərazi ilə bağlı müxtəlif tarixi mənbələrdə məlumatlara rast gəlinir, o cümlədən Şah Abbasın Ordubada gəlişi və onun vəzirlərinin burada fəaliyyəti kimi məqamlar diqqət çəkir. Hələ 2014-cü ildə “Mirassız varislər” adlı bədii əsərimdə də Ordubad məhəllələrindən bəhs etmişəm. Lakin bu mövzunu daha fərqli və geniş formatda təqdim etmək ideyası daim mənim düşüncəmdə olub”.

Müəllif diqqətə çatdırıb ki, çəkilişlərin əsas hissəsi müşahidə janrında aparılacaq. Artıq mart ayında Ordubadda ilkin çəkilişlər həyata keçirilib. Növbəti çəkiliş mərhələsinin may ayının ortalarından başlanması planlaşdırılır və yay aylarına qədər filmin tamamlanacağı gözlənilir.

“Azərbaycan zəngin irsə malik ölkədir. Ulu Öndər Heydər Əliyevin də qeyd etdiyi kimi - “Ordubad Azərbaycanın incisidir”. Bu baxımdan ölkənin müxtəlif bölgələri haqqında filmlərin çəkilməsi mühüm əhəmiyyət daşıyır. Belə ekran işləri yalnız yerli auditoriya üçün deyil, həm də beynəlxalq tamaşaçılar üçün nəzərdə tutulmalıdır. Məqsəd Azərbaycan mədəni irsini, köklərini və milli identifikasiya dəyərlərini dünya ictimaiyyətinə təqdim etməkdir. “Cənnətin iqamətgahı” filminin də əsas məqsədi Ordubadı beynəlxalq platformalarda tanıtmaq və bu unikal məkanı dünya auditoriyasına təqdim etməkdir”, - deyə Kamran Qasımov qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
azertag.az

1Mənbələr