AZ

“Uzundərə”ni həyatının aynası sayan gənc rəqqasın sənət yolu

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 29 aprel, AZƏRTAC

29 aprel – Beynəlxalq Rəqs Günü münasibətilə AZƏRTAC gənc rəqqasla həmsöhbət olub. Dövlət Rəqs Ansamblının artisti İbrahim Cabbarov öz sənət yolundan danışıb.

Həmsöhbətimiz səkkiz yaşından rəqslə məşğuldur. 2023-cü ildən bakalavr pilləsində təhsil alır. Elə həmin ildə Dövlət Rəqs Ansamblında əmək fəaliyyətinə başlayıb.

Təhsil və yaradıcılıq fəaliyyəti dövründə dəfələrlə yüksək nəticələr qazanıb. Bakı Xoreoqrafiya Akademiyası ilə birlikdə iki dəfə Qran-pri mükafatına layiq görülüb. Albaniyada keçirilən FIDAF beynəlxalq festivalında “Ən yaxşı rəqqas” adına layiq görülüb və Qran-pri qazanıb. Artist Albaniya, Makedoniya, Səudiyyə Ərəbistanı, Türkiyə, Gürcüstan, Rusiya, Tacikistan və digər ölkələrdə Azərbaycanı təmsil edib.

İbrahimin sənət yolu erkən yaşlarda başlayıb. Valideynlərinin təşəbbüsü ilə o, Fikrət Əmirov adına 6 nömrəli Uşaq İncəsənət Məktəbinə qəbul olunub.

“Rəqsə maraq ilk dəfə məhz orada yarandı və bu peşədə ilk addımlarımı atmağa başladım. O zaman müəllimim Məmməd Quliyev idi. Təhsilin həmin mərhələsi çox böyük əhəmiyyət daşıyırdı və peşəkar yanaşma sayəsində məndə dərhal ciddi motivasiya yarandı”, – deyə o bildirib.

Onun sözlərinə görə, ilk məşğələlərdən etibarən rəqs hobbi kimi deyil, həyatının ayrılmaz hissəsi kimi qəbul olunmağa başlayıb: “Musiqini ilk dəfə eşidəndə və hərəkətin onunla vəhdət təşkil etdiyini hiss edəndə özümü bu sənətdə görməyə başladım. Səhnə isə nəhayət göstərdi ki, bu, mənim yolumdur”.

İbrahim Cabbarov 13 yaşında təhsilini Bakı Xoreoqrafiya Akademiyasında davam etdirib. Burada onun müəllimi Yusif Qasımov olub. Bu mərhələ onun üçün həlledici rol oynayıb.

Azərbaycan rəqs sənətinin gələcəyindən danışan İ.Cabbarov ənənə ilə müasir səhnə yozumu arasında tarazlığın vacibliyini vurğulayıb: “İstərdim ki, ənənəvi Azərbaycan rəqslərini qoruyaraq onları müasir formatda geniş auditoriyaya təqdim edim. Mənim üçün texnikanı və səhnə estetikasını inkişaf etdirmək, iri beynəlxalq layihələrdə iştirak etmək və eyni zamanda milli kimliyi qorumaq vacibdir”.

Gənc rəqqas təcrübəsini gələcək nəslə ötürməyi də vacib hesab edir.

Həyatını hansı rəqslə ifadə edə biləcəyi sualına cavab olaraq İbrahim Cabbarov tərəddüd etmədən “Uzundərə”ni seçib: “Mənim üçün bu, sadəcə rəqs deyil, daxili tarazlığın əksidir. Onun axıcılığı və zərifliyi hisslərimi, sənətə bağlılığımı ifadə edir. “Uzundərə” kimi mən də sakit görünə bilərəm, amma içimdə dərin enerji yaşayır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
azertag.az

1Mənbələr