AZ

“Bu səbəbdən aktyorluğu birdəfəlik tərk etdim” – 60-ın bir addımlığındakı Elxan Cəfərov nələr dedi...

Bu gün Əməkdar incəsənət xadimi, tanınmış rejissor Elxan Cəfərovun 59 yaşı tamam olur.
Qeyd edək ki, Elxan Cəfərov tamaşaçılara ilk növbədə “Şir evdən getdi”, “Mən mahnı qoşuram”, “Bağ mövsümü” kimi filmlərdə yaratdığı yaddaqalan obrazlarla tanışdır. Sonrakı illərdə isə o, daha çox rejissorluq fəaliyyəti ilə diqqət çəkərək Azərbaycan kinosunda özünəməxsus xətt formalaşdırmağa nail olub. Onun quruluş verdiyi “Dolu” və “Yarımçıq xatirələr” filmləri geniş tamaşaçı rəğbətini qazana bilib. Hazırda Elxan Cəfərov Azərbaycan Kino Agentliyində müşavir vəzifəsində fəaliyyət göstərir.

Musavat.com-un əməkdaşı Əməkdar incəsənət xadimi ilə söhbətləşib. Müsahibəni təqdim edirik:

-Bu gün 59 yaşınızı qeyd edirsiniz. Bu özəl günü necə keçirməyi planlaşdırırsınız? Sizin üçün ən dəyərli təbrik kimdən gələn olur?
-Müxtəlif insanlardan - istər tanıdıqlarımdan, istərsə də tanımadıqlarımdan gələn təbriklər mənim üçün xüsusi dəyər daşıyır. Ümumiyyətlə, təbrik almaq hər bir insan üçün xoş və önəmli hissdir. Amma yaradıcı insan üçün bu, bəlkə də daha fərqli məna kəsb edir. Çünki bu cür diqqət və dəyərləndirmə sənin gördüyün işin, çəkdiyin zəhmətin, sərf etdiyin enerjinin cəmiyyət tərəfindən qəbul edildiyini və qiymətləndirildiyini göstərir. Bu isə böyük mükafatdır. Eyni zamanda, insanı daha da ruhlandırır, onu daha fəal, daha məsuliyyətli və daha məhsuldar olmağa sövq edir. Ad günümü hər zaman olduğu kimi, bu dəfə də ailə çərçivəsində, yaxınlarımın əhatəsində, səmimi və sakit bir mühitdə keçirməyi düşünürəm. Təmtəraqdan uzaq ad günü mənə daha doğmadır. Açığı, qarşıdan gələn yubileyim, 60 illiyim artıq bir növ həyatın müəyyən mərhələsinə baxış, geriyə dönüb görülən işlərə qiymət vermək və gələcək haqqında düşünmək üçün xüsusi bir məqam olacaq.

-Hazırda ölkəmizdə kinonun vəziyyətini necə qiymətləndirirsiniz? Əməkhaqqı və qonorar məsələsi sizi qane edirmi? Ümumilikdə mövcud gedişatdan razısınızmı?
-Mövcud gedişatla bağlı deyə bilərəm ki, ümumilikdə razıyam. Amma bu razılıq hansısa yekun nəticəyə çatmaq mənasında deyil. Çünki məncə, sənətdə “artıq hansısa zirvəyə çatdım” demək doğru yanaşma deyil. Sənət bir yoldur - uzun, çətin, enişli-yoxuşlu bir yol. Bu yolda maneələr də var, çətinliklər də. Hamımız bu yolu gedirik və hər birimizin üzərinə düşən müəyyən məsuliyyət var. İnanıram ki, bizim bu gün çəkdiyimiz zəhmət, göstərdiyimiz fədakarlıq gələcək nəsillər üçün təməl rolunu oynayacaq. Onlar artıq daha formalaşmış, daha güclü bir kino sənayesində fəaliyyət göstərəcəklər və bəlkə də bizim bu gün arzuladığımız səviyyəni reallıqda yaşayacaqlar.
Rejissorlar məsələsinə gəldikdə isə bütün çətinliklərə baxmayaraq, yeni nəsil formalaşır və bu sevindirici haldır. Bu gün gənc rejissorların ortaya qoyduğu işləri böyük maraq və ümidlə izləyirəm. Onların yaradıcılığında yeni baxış bucaqları, fərqli yanaşmalar, cəsarətli eksperimentlər görürəm və bu məni məyusluqdan uzaqlaşdırır. Deməli, yol düzgün istiqamətdədir. İnsan təbiəti etibarilə həmişə daha yaxşısını istəyir və bu da normaldır. Bəzən bu istək səbəbindən artıq əldə olunan nəticələri yetərincə qiymətləndirmirik. Amma düşünürəm ki, bu gün əldə olunan nailiyyətləri də dəyərləndirmək vacibdir. Çünki bunlar gələcəyin daha böyük uğurlarının bünövrəsidir.
Hazırda kino istehsalı prosesində kifayət qədər gərgin və sistemli iş getdiyini müşahidə edirik. Amma bu sahədə görülən işlərin nəticəsi dərhal özünü göstərmir. Kino elə bir sahədir ki, onun bəhrəsi zamanla üzə çıxır. Bəlkə də bu gün atılan addımların real nəticəsini 5-10 ildən sonra daha aydın görəcəyik. Bu baxımdan mən prosesi müsbət qiymətləndirirəm və hesab edirəm ki, qarşıya çıxan çətinliklər və maneələr əslində inkişafın təbii tərkib hissəsidir. Ümumiyyətlə, istər fərdi həyatda, istərsə də dövlətçilik tarixində heç bir uğur asanlıqla əldə olunmur. Əgər bu çətinliklər cəmiyyətdə müzakirə olunur, geniş tamaşaçı kütləsində suallar doğurursa, bu da müsbət haldır. Çünki bu, marağın, diqqətin və inkişaf prosesinin göstəricisidir. Maliyyə məsələsinə gəldikdə isə burada söhbət təkcə rejissorlardan getmir. Ümumilikdə, kino istehsalının maliyyələşdirilməsi istiqamətində ciddi cəhdlər müşahidə olunur. Əgər 2-3 il əvvəl 300-400 min manat büdcə ilə film çəkilməsi normal hesab olunurdusa, bu gün artıq bu rəqəmlər əhəmiyyətli dərəcədə artıb. Bəzən filmlərin büdcəsi 1 milyon manatı keçir, hətta bəzi tarixi layihələr üçün 5 milyon manatlıq büdcələrin müzakirə edilməsi də artıq təəccüb doğurmur. Bu da onu göstərir ki, biz regionda və dünyada gedən proseslərdən geri qalmırıq. Qonşu ölkələrdə, Mərkəzi Asiya məkanında və ümumilikdə beynəlxalq kino bazarında film istehsalına ayrılan vəsaitləri nəzərə alsaq, Azərbaycanın da bu istiqamətdə ciddi addımlar atması tam məntiqlidir. Təbii ki, bütün bu inkişaf birdən-birə baş vermir. Bu, mərhələli şəkildə formalaşan bir prosesdir və zaman keçdikcə daha da təkmilləşəcək.

-Bu günlərdə “Akinak” adlı uşaq filminizin təqdimatı baş tutdu. Film tamaşaçılar tərəfindən necə qarşılandı? Nəticə gözləntilərinizlə üst-üstə düşdümü?
- Əlbəttə ki, hər bir iş kimi bu işin də həm bəyənənləri olur, həm də bəyənməyənləri. Bu, tamamilə təbii haldır. Çünki hər bir tamaşaçı əsərə öz baxış bucağından yanaşır, fərqli gözləntilərlə izləyir və nəticədə həm müsbət, həm də mənfi tərəfləri görənlər tapılır. Əslində, bu müxtəlif yanaşmaların olması sənət əsərinin yaşadığını, müzakirə olunduğunu və diqqət mərkəzində olduğunu göstərir. Hər bir obyektiv baxış- istər tənqidi, istərsə də müsbət- ümumi mənzərənin formalaşmasına xidmət edir.
Əsas məsələ isə sözsüz ki, kütləvi tamaşaçının münasibətidir. Çünki kino ilk növbədə geniş auditoriya üçün nəzərdə tutulur və onun qəbul olunması, sevilməsi məhz tamaşaçı reaksiyası ilə ölçülür. Ümid edirik ki, film mayın 1-də kinoteatrlarda nümayişə başladıqdan sonra geniş tamaşaçı auditoriyası tərəfindən müsbət qarşılanacaq. Daha sonra isə təxminən bir il və ya bəlkə də daha qısa müddətdən sonra televiziya vasitəsilə yayımlanaraq daha geniş kütləyə çatacaq.
Adətən, gözləntilər hər zaman reallıqdan bir qədər yüksək olur. İnsanlar daha böyük təsir, daha güclü emosiyalar, daha fərqli yanaşmalar gözləyir. Bu da təbiidir. Amma bütün hallarda əsas olan ortaya qoyulan işin səmimiyyəti və tamaşaçı ilə qurduğu bağdır. Dediyim kimi, biz hələ filmi geniş tamaşaçı kütləsinə təqdim etməmişik. Lakin premyera zamanı yaranan ab-hava kifayət qədər müsbət və ümidverici idi. Tamaşaçıların ümumi rəğbəti hiss olunurdu və bu da bizim üçün çox dəyərli idi.
Bu, əlbəttə ki, o demək deyil ki, film hər kəs tərəfindən birmənalı şəkildə bəyənilib. Təbii olaraq, müəyyən qüsurları görənlər də oldu. Xüsusilə kino sahəsində çalışan insanlar istehsalat prosesində olan xırda və ya daha böyük texniki və yaradıcı nüansları daha həssas şəkildə dəyərləndirirlər və bu da olduqca normaldır. Bu cür obyektiv yanaşmalar ümumilikdə işin inkişafına xidmət edir. Amma diqqətçəkən məqam ondan ibarət idi ki, kino sahəsi ilə birbaşa əlaqəsi olmayan tamaşaçılar, xüsusilə də uşaqlar və gənclər filmi daha çox səmimi və emosional şəkildə qəbul etdilər. Onların reaksiyası daha çox müsbət idi.

-Xanımınız, Əməkdar artist Gülzar Qurbanova sizin filmlərdə çəkilib. Bəs gələcəkdə onunla bir filmdə məhz tərəf müqabili kimi çıxış etməyi düşünürsünüzmü?
-Mən aktyor kimi sonuncu dəfə 1995-ci ildə çıxış etmişəm. Ondan sonra yalnız “Qonşu qadın” adlı qısametrajlı filmdə çox kiçik bir epizodda - sadəcə pilləkənlə qalxdığım qısa bir səhnədə görünmüşəm. Ümumiyyətlə, aktyorluq çox çətin, gərgin və məsuliyyətli sənətdir. Bu peşə yalnız texniki bacarıqlardan ibarət deyil. Aktyor olmaq üçün müəyyən anadangəlmə xüsusiyyətlərə sahib olmaq vacibdir. Bununla yanaşı, insanın xüsusi bir psixoloji tipi olmalıdır. Çünki aktyorluq sənəti insanın daxili dünyasını, emosional diapazonunu, psixoloji çevikliyini və müxtəlif obrazlara daxil olmaq qabiliyyətini özündə birləşdirən mürəkkəb bir sahədir. Aktyor yalnız rolu oynamır, onu yaşayır, hiss edir və tamaşaçıya ötürür. Bu isə böyük daxili enerji, psixoloji dayanıqlıq və eyni zamanda özünə qarşı dürüstlük tələb edir. Digər tərəfdən, insan gördüyü işdən mütləq həzz almalıdır. Daxili məmnunluq yoxdursa, bu sahədə uzun müddət qalmaq çətindir. Aktyor özünü dəyərləndirməyi bacarmalı, eyni zamanda özünə qarşı həddindən artıq sərt və ya əksinə, həddindən artıq güzəştli olmamalıdır. Bu balansı qorumaq isə hər kəs üçün asan deyil.
Məhz bu baxımdan, bütün bu xüsusiyyətləri özümə tətbiq etdikdə gördüm ki, aktyorluq üçün vacib olan keyfiyyətlərin bir çoxunu özümdə tam şəkildə tapa bilmirəm. Bu səbəbdən də 1995-ci ildən etibarən aktyorluq fəaliyyətimi dayandırdım və diqqətimi daha çox rejissorluğa yönəltdim. Rejissor kimi baxış bucağım formalaşdıqca, artıq özümə aktyor kimi yanaşmaq mənə daha da çətin görünməyə başladı. Mən özümə daha çox rejissor gözü ilə baxıram və bu baxış bucağı aktyorluqdan uzaqlaşmağıma səbəb olub.
Açığını desəm, bundan sonra yenidən aktyorluq fəaliyyətinə qayıtmağım çox real görünmür. Hər hansı bir filmdə rol almaq ehtimalım olduqca azdır. Çünki zaman keçdikcə mənim ekranda davranışım həddindən artıq “sənədləşmiş” bir formaya düşüb. Rejissor peşəsi mənim psixoloji tipimi ciddi şəkildə dəyişib və bu, aktyor üçün vacib olan spontanlıq, emosional sərbəstlik kimi xüsusiyyətləri müəyyən qədər arxa plana keçirib. Bu səbəbdən də hesab edirəm ki, mənim üçün ən doğru yol rejissorluq fəaliyyətində qalmaq və bu sahədə özümü daha da inkişaf etdirməkdir.

-Xalq artisti Afaq Bəşirqızı sənətkarlar üçün ayrıca qəbiristanlığın yaradılması təşəbbüsü ilə çıxış edib. Digər tərəfdən, Xalq artisti Şeyx Əbdül sənət adamlarının kommunal xərclərdən azad olunmasını təklif edib. Bu təşəbbüslərə münasibətiniz necədir?
- “Sənətkarı xalq yaşadır” deyimi çox mühüm və dərin məna daşıyır. Çünki sənətkarın varlığı, onun tanınması, qəbul olunması və yadda qalması birbaşa xalqın ona verdiyi dəyərdən asılıdır. Kənardan baxan insanlar bəzən elə düşünə bilərlər ki, sənət adamları yalnız öz həyatlarını yaşayan, daim əyləncə içində olan, qayğısız bir dünyada yaşayan insanlardır. Amma reallıq tamamilə fərqlidir. Sənət adamlarının həyatı çox zaman görünməyən böyük zəhmət, daxili mübarizə, yaradıcılıq gərginliyi və ciddi fədakarlıq üzərində qurulur. Əsl sənətkarlar çox vaxt öz şəxsi həyatlarını belə sənətə qurban verirlər. Bu qurbanvermə olmadan, bu daxili bağlılıq və fədakarlıq olmadan əsl sənətkarlıqdan danışmaq çətindir. Əgər insan müəyyən mərhələdə bu fədakarlıqdan imtina edirsə, sənətə tam şəkildə bağlanmırsa, onda xalq da onu o mənada “sənətkar” kimi qəbul etməkdə tərəddüd edə bilər. Bununla yanaşı, təbii ki, müəyyən güzəştlərin olması da vacibdir. Sənət adamlarının cəmiyyətdə, xüsusilə də yeni nəslin tərbiyəsində, onların mənəvi dünyasının formalaşmasında və inkişafında böyük rolu var. Bəzən bu təsir birbaşa görünmür, amma zamanla öz nəticəsini göstərir. Sənət əsərləri vasitəsilə aşılanan mənəvi dəyərlər, estetik baxışlar və milli kimlik hissi gələcək nəsillərin formalaşmasında mühüm rol oynayır. Ola bilsin ki, ən əsas funksiyalardan biri məhz budur - gənc nəsilə mənəvi dəyərləri çatdırmaq və onları düzgün istiqamətləndirmək. Bu baxımdan, sənət adamları cəmiyyətin mədəni və mənəvi inkişafında ən vacib dayaqlardan birini təşkil edir. Xüsusilə milli dəyərlərin qorunması, onların yeni nəsillərə ötürülməsi və ümumilikdə mənəvi mühitin formalaşması prosesində sənətin rolu əvəzsizdir.
Sənətkarlarımızın təkliflərinin böyük bir hissəsi ilə müəyyən mənada razıyam. Amma eyni zamanda, bu elə bir prosesdir ki, xalqın öz içindən gəlməlidir.

Xalidə Gəray
Musavat.com

Seçilən
35
musavat.com

1Mənbələr