Azpolitika.az saytına istinadən ain.az xəbər verir.
“OPEC-dən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) çıxmasını qlobal neft bazarı üçün nəzərəçarpan, lakin kritik olmayan hadisə kimi qiymətləndirmək olar”.
“AzPolitika” bildirir ki, bunu Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.
Onun sözlərinə görə, BƏƏ artıq bu gün əhəmiyyətli ehtiyat hasilat gücünə malikdir və nəzəri olaraq kvota sistemindən kənarda daha sürətlə hasilatı artıra bilər: “Lakin ixracın real artırılması potensialı həm yataqların texniki xüsusiyyətləri, həm də resursların uzunmüddətli idarəetmə strategiyası ilə məhdudlaşır. Əsas məsələ hasilatı artırmaq imkanından çox, bunun nə dərəcədə məqsədəuyğun olmasıdır. BƏƏ ənənəvi olaraq qiymət müharibəsindən çox, gəlirlərin optimallaşdırılmasına yönəlmiş balanslı siyasət yürüdür. BƏƏ tərəfindən təklifin artırılması çox qısa müddətdə neft qiymətlərinə təzyiq göstərə bilər, lakin digər iri istehsalçıların dəstəyi olmadan bu təsirin davamlı olması mümkün deyil”.

Ekspert vurğulayıb ki, bundan əlavə, nəzərə almaq lazımdır ki, BƏƏ-nin bazara çıxartmaq istədiyi əlavə neft həcmləri, - nəzəri baxımdan 1mln. barel, praktik olaraq bunun yarısı qədər, gündə 100 milyon bareli aşan qlobal tələbat fonunda həlledici deyil.
“Beləliklə, OPEC-dən çıxış qiymətlərin kəskin enməsi üçün alətə çevrilməyəcək. Daha çox bu addım BƏƏ-nin enerji siyasətində çevikliyini və bazardakı danışıqlar mövqelərini gücləndirəcək”, - o qeyd edib.
İlham Şaban hesab edir ki, uzunmüddətli perspektivdə Əmirliklər bazar payının artırılması ilə rahat qiymət səviyyəsinin qorunması arasında balans axtaracaq.
Bəs BƏƏ niyə bu addımı atdı?
Ekspert hesab edir ki, burada siyasi-iqtisadi faktorlar var: “Birincisi, BƏƏ ilə Səudiyyə Ərəbistanı, yəni OPEC-də birinci skripka rolunda çıxış edən ölkə ilə arasında siyasi gərginlik var və rəsmi Abu-Dabi Ər-Riadın arzusuna uyğun öz siyasətini uzlaşdırmağa meylli deyil.
İkincisi, İran müharibəsi BƏƏ iqtisadiyyatına kifayət qədər ziyan vurub və onu qarşılamaq üçün OPEC kvotaları ilə özünü limitmələyə hansısa əsas görmür”.
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.