AZ

Ukrayna savaşı dünyanı daha dəhşətli ssenariyə yaxınlaşdırır: Britaniya kralı ABŞ və Qərbi niyə Rusiya ilə müharibəyə çağırdı

Kollektiv Qərb düşərgəsinə daxil olan ölkələr yenidən Ukrayna savaşına yönəlik siyasi ortaqlığı gücləndirirlər və hərbi səfərbərliyi də genişləndirirlər... Böyük ehtimalla bu savaş yaxın perspektivdə sona çatmayacaq, əksinə, daha genişmiqyaslı və uzunmüddətli geopolitik qarşıdurmanın qlobal mərkəzinə çevriləcək.

Yaxın Şərqdəki hərbi böhran Ukrayna savaşını beynəlxalq gündəmdə nisbətən arxa plana keçirmiş kimi görünür. Ancaq buna baxmayaraq, bu ilin mart ayı üçün açıqlanan hərbi statistika Ukrayna müharibəsinin xarakterində baş verən köklü transformasiyanı açıq şəkildə ortaya qoyur. Rəsmi Kiyevin verdiyi məlumata görə, Rusiya gündə orta hesabla 208 PUA ilə hücum edir. Eyni zamanda, Rusiya özünün istehsal gücünü də gündə 500 zərbə dronuna qədər artırıb.

Onu da qeyd etmək lazımdır ki, Rusiyanın intensiv hücumlarını Ukrayna da qətiyyən cavabsız buraxmır. Belə ki, məlumata görə, Ukrayna Rusiyaya gündəlik təxminən 237 zərbə dronu buraxır, bəzi gecələrdə isə bu göstərici 280 PUA-ya qədər yüksəlir. Bu statistika onu göstərir ki, artıq Ukrayna savaşı klassik silah sistemlərindən daha çox kütləvi və davamlı PUA zərbələri üzərində qurulan texnoloji qarşıdurmaya çevrilib.

charles.jpg 

Dugər tərəfdən, bu, yalnız taktiki dəyişiklik deyil, həm də strateji məzmun daşıyan yeni savaş modeli hesab olunur. Hücum PUA-larının geniş tətbiqi müharibəni daha ucuz, daha çevik və eyni zamanda, daha uzunmüddətli edir. Bu isə o deməkdir ki, qarşıduran tərəflərin uğuru artıq yalnız cəbhədəki vəziyyətdən deyil, həm də onların hərbi sənaye potensialından, texnoloji uyğunlaşma qabiliyyətindən və davamlı istehsal imkanlarından da asılıdır. Və bu baxımdan, Ukrayna savaşının tədricən hərbi sənaye, eləcə də, daxili iqtisadi resurs müharibəsinə çevrilməsi inkaredilməz reallıqdır.

Maraqlıdır ki, bütün bunlara paralel olaraq, Ukrayna savaşına münasibətdə Qərb siyasi dairələrinin baş verənlərə yönəlik reaksiyasında ciddi sərtləşmə də müşahidə olunur. Belə ki, Böyük Britaniya kralı III Karl ABŞ Konqresində ciddi geopolitik məzmun daşıyan mesajlar verməklə, diqqəti çəkib. İngilis monarx ABŞ və Böyük Britaniyanın tarix boyu birlikdə iştirak etdiyi müharibələri xatırladaraq, müasir dövrdə də oxşar mövqeyə üstünlük verilməsinin və Rusiyaya qarşı qətiyyət göstərilməsinin vacibliyini vurğulayıb. O, xüsusilə də, NATO-nun 5-ci maddəsinin 11 sentyabr terror aktlarından sonra ilk dəfə olaraq, kollektiv müdafiə prinsipi baxımından, artıq aktuallıq qazandığını qabardıb.

Məsələ ondadır ki, Böyük Britaniya kralı Ukraynanın müdafiəsinin yalnız regional problem olmadığını, əksinə, bu məsələnin Qərbin təhlükəsizlik sisteminin ayrılmaz tərkib hissəsinə çevrildiyini açıq mətnlə ifadə edib. Onun fikrincə, müasir dünya əvvəlki dövrlərlə müqayisədə daha qeyri-sabit və təhlükəlidir. Məhz bu səbəbdən də, Böyük Britaniya müdafiə xərclərini “soyuq müharibə” dövründən üzü bəri ilk dəfə olaraq, ən yüksək səviyyəyə qədər artırmağa üstünlük verib. Və bu yanaşma tərzi Qərb siyasi dairələrində Ukrayna savaşına münasibətində strateji mövqenin formalaşmaqda olduğunu göstərir.

2f695cc3-9acf-465c-81e1-feae68300f17.jpg 

Digər tərəfdən, Qərb siyasi dairələrinin sərtləşən mövqeyinə paralel olaraq, Rusiya siyasi-diplomatik təmas kanallarının hələ də açıq saxlanıldığını biruzə verməyə çalışır. Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna savaşı ilə bağlı mövzunu müzakirə etmək üçün ABŞ-la dialoqa hazır olduqlarını bəyan edib. O, ABŞ-ın Alyaska ştatında keçirilmiş Tramp-Putin görüşündə Rusiyanın mövqeyinin açıq şəkildə qarşı tərəfə çatdırıldığını növbəti dəfə xatırladıb. Rus diplomat vurğulayıb ki, Kreml əvvəlki yanaşmalarının bundan sonra da nəzərə alınacağına ümid edir və bu istiqamətdə qarşılıqlı təmaslara açıqdır.

Ancaq Qərb siyasi dairələri Rusiya təmsilçilərinin belə açıqlamalarının daha çox diplomatik manevr xarakteri daşıdığını düşünürlər. Çünki Rusiya tərəfi hələ də əsas “prinsipial mövqe”yindən geri çəkildiyinə yönəlik mesajlar verməyə qətiyyən həvəs göstərmir. Bu isə onu göstərir ki, Ukrayna savaş poliqonunda davam edən hərbi əməliyyatlarla paralel olaraq, aparılan siyasi-diplomatik proseslər hələlik real kompromislər üçün yetərli səviyyədə imkanlar vəd etmir.

Ukrayna savaşına yönəlik diqqəti çəkən digər önəmli məqam isə Rusiyanın daxilindən gələn, əvvəlki dövrlərlə müqayisədə daha sərt tənqidi məzmun daşıyan açıqlamaların artması ilə bağlıdır. Belə ki, 2014-cü ildə Ukraynanın Donetsk bölgəsindəki separatçı qüvvələrin önəmli liderlərindən biri olmuş İqor Strelkov açıq şəkildə bəyan edib ki, Rusiya Ukrayna müharibəsində artıq uduzub. Onun fikrincə, mövcud situasiyada bu məğlubiyyət tendensiyasını dəyişmək qətiyyən mümkün deyil. Rus separatçı hesab edir ki, hətta Rusiyada əlavə səfərbərlik tədbirləri keçirilsə belə, bu, mövcud vəziyyətin dəyişdirilməsinə imkan yaratmayacaq. Çünki Rusiya iqtisadiyyatı Ukrayna savaşının mövcud tələblərinə uyğun yetərli qədər silah-sursat, hərbi texnika istehsal etmək gücündən çox-çox uzaqdır.

4447df91-5887-47e0-a02c-cb640996ee21.jpg 

Təbii ki, belə bəyanatlar Rusiyada Ukrayna savaşı ilə bağlı yalnız liberal və ya müxalif dairələrdə deyil, eyni zamanda, daha sərt mövqeli radikal millətçi düşərgədə də ciddi narazılıqların yarandığını göstərir. Bu isə Ukrayna savaşının uzanmasının Rusiyaya qarşı yalnız xarici hərbi-siyasi təzyiqlər deyil, həm də ölkə daxilində siyasi-ictimai və maliyyə-iqtisadi risklər yaratdığını da ortaya çıxarır. Və bu baxımdan, Rusiyanın yaxın vaxtlarda olduqca ciddi ölkədaxili problemlərlə, hətta siyasi-iqtisadi böhranla belə, üzləşə biləcəyi qətiyyən istisna deyil.

Göründüyü kimi, Ukrayna savaşı ətrafında kifayət qədər qəliz və qeyri-müəyyən situasiya yaranmağa başlayıb. Belə ki, Ukrayna savaş poliqonunda bir tərəfdən, hərbi-texnoloji xarakter daşıyan PUA müharibəsi genişlənir. Digər tərəfdən isə Qərb ölkələri yenidən Ukrayna savaşına yönəlik siyasi ortaqlığı gücləndirirlər və hərbi səfərbərliyi artırırlar. Eyni zamanda, Rusiyanın daxilində strateji qeyri-müəyyənlik və sərt tənqidlərə bağlı narazılıq mühiti dərinləşir.

Bütün bu faktorlar isə artıq onu göstərir ki, Ukrayna savaşı yaxın perspektivdə sona çatmayacaq. Əksinə, müasir dünya daha dəhşətli hərbi-texnoloji savaş ssenarisinə böyük sürətlə yaxınlaşır. Ona görə də, Ukrayna savaşının məhz daha genişmiqyaslı və uzunmüddətli geopolitik qarşıdurmanın qlobal mərkəzinə çevrilə biləcəyi qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Seçilən
54
musavat.com

1Mənbələr