AZ

Moskvada baş verən yanğınla bağlı beş nəfər saxlanılıb

Moskva, 29 aprel, AZƏRTAC

Tikilməkdə olan binada baş verən və səkkiz nəfərin ölümünə səbəb olan yanğından sonra Moskvada inşaat şirkətinin beş rəhbəri saxlanılıb.

AZƏRTAC Rusiya İstintaq Komitəsinə istinadla xəbər verir ki, saxlanılanlar arasında inşaat şirkətinin baş direktoru, tikinti direktoru, sifarişçisi, ictimai işlər şöbəsinin müdiri və baş podratçının iş icraçısı var. Müstəntiqlərin sözlərinə görə, faciə yanğın təhlükəsizliyi, əməyin mühafizəsi və tikinti normalarına sistematik şəkildə əməl edilməməsi səbəbindən baş verib.

Komitə aydınlaşdırıb ki, ərazidə avtomatik yanğın siqnalizasiyası və yanğınsöndürmə sistemləri işləmir, tezalışan materiallar düzgün saxlanılmayıb və bir mərtəbədə pəncərəsi və ventilyasiyası olmayan tezalışan materiallardan tikilmiş təxminən 20 portativ kabinə yerləşir. Bundan əlavə, iki təcili pilləkəndən biri bağlanıb və insanların təxliyəsinə mane olub.

Aprelin 28-də Moskvanın şimalında tikilməkdə olan çoxmərtəbəli binada baş verən yanğın nəticəsində üç nəfər də xəsarət alıb. İstintaq orqanları tikinti işləri zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində səkkiz nəfərin ölümü ilə bağlı cinayət işi açıb. Saxlanılanlara qarşı tezliklə ittihamlar irəli sürüləcək.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Seçilən
69
3
azertag.az

4Mənbələr