Moskva, 29 aprel, AZƏRTAC
Rusiya Birləşmiş Ərəb Əmirliklərinin OPEC və OPEC+ alyansından çıxmaq qərarına hörmətlə yanaşır.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O əlavə edib ki, bu, suveren bir qərardır. Moskva Əbu-Dabinin enerji bazarlarına məsuliyyətli yanaşma və ikitərəfli koordinasiyanı qorumaq niyyəti ilə bağlı açıqlamalarını alqışlayır, konstruktiv və effektiv enerji dialoqunun davam etdiriləcəyinə ümid edir.
Rusiyanın OPEC-dən çıxmasının mümkünlüyü ilə bağlı sualı cavablandıran Peskov vurğulayıb ki, Moskva belə bir variantı nəzərdən keçirmir.
Jurnalistlərin BƏƏ-nin qərarının OPEC-in bazarın sabitləşdirilməsi mexanizmi kimi sonunu ifadə edib-etməməsi ilə bağlı sualını cavablayan Kremlin sözçüsü qeyd edib ki, Moskva alyansın yerində qalacağını gözləyir. O, bunu qlobal enerji bazarlarında dalğalanmaları minimuma endirmək, vəziyyəti sabitləşdirmək üçün vacib alət adlandırıb.