AZ

Dekan: AzMİU-da “Dizayn həftəsi” ənənəvi xarakter alıb

Bakı, 29 aprel, AZƏRTAC

Artıq ikinci ildir keçirilən “Dizayn həftəsi” ənənəvi xarakter alıb. Bu, təkcə Azərbaycan Memarlıq və İnşaat Universiteti üçün deyil, ümumilikdə dizayn təhsili verən ali təhsil müəssisələri üçün xüsusi əhəmiyyət daşıyır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Dizayn fakültəsinin dekanı Fərid Kərimov söyləyib.

F.Kərimov qeyd edib ki, cari ildə tədbirin keçirilməsi daha da əlamətdardır: “Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli’ elan olunub. Eyni zamanda, ölkəmiz may ayında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) ev sahibliyi edəcək. Bu il həm də Memar Əcəminin 900 illik yubileyi qeyd olunur. Bu baxımdan “Dizayn həftəsi”nin əhəmiyyəti xüsusi olaraq artır”.

Dekan bildirib ki, tədbir çərçivəsində bir həftə ərzində müxtəlif məzmunlu görüşlər təşkil olunacaq: “Proqrama master-klaslar, ustad dərsləri, açıq qapı günləri, müxtəlif səpkili sərgilər daxildir. Eyni zamanda, dizaynda süni intellekt mövzusunda müzakirələr aparılacaq və sonda bağlanış günü keçiriləcək”.

Müsahibimizin sözlərinə görə, bu tədbir həm tələbələr, həm müəllimlər, həm də pedaqoji heyət üçün, ümumilikdə isə dizayn təhsili verən digər universitetlər üçün böyük əhəmiyyətə malikdir. Bu baxımdan bu il digər universitetlərin rəhbər şəxsləri, professor-müəllim heyəti və tələbələri də tədbirə dəvət olunublar.

F.Kərimov əlavə edib ki, dizayn sahəsi üzrə universitetlər arasında memorandumların imzalanması gözlənilir və bu, ölkə üçün vacib olan peşəkar dizaynerlərin yetişdirilməsinə töhfə verəcək.

Seçilən
56
azertag.az

1Mənbələr