Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yanında İctimai Şurada təmsil olunan “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş aksiya təşkil edilib. Aksiya çərçivəsində Azərbaycanda yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün ödənişsiz göz müayinələri həyata keçirilib.
QHT.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edərək xatirələrini ehtiramla yad edib, məzarları önünə gül dəstələri düzüblər.
Daha sonra İstanbul NS Klinikasında tanınmış oftalmoloq, bir sıra beynəlxalq tibb qurumlarının üzvü Ergün Rəşadəlizadə tərəfindən iştirakçılar üçün tibbi müayinələr aparılıb.
Təşkilatçılar bildiriblər ki, aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və qaçqınların sağlamlığına diqqətin artırılması, eyni zamanda onların cəmiyyətə inteqrasiyasına dəstək verməkdir.
Qeyd olunub ki, oftalmologiya elminə mühüm töhfələr vermiş akademik Zərifə Əliyevanın xatirəsi hər zaman dərin hörmətlə anılır.
Zəhra Ağayeva