İsrailin Livanın cənubundakı Nəbatiyə bölgəsinə endirdiyi hava zərbəsi nəticəsində 5 nəfər həlak olub.
Redaktor.az xəbər verir ki, bu barədə Livan Milli Xəbər Agentliyi məlumat yayıb.
Məlumata görə, hücum Cibşet şəhərində bir yaşayış binasını hədəf alıb. Nəticədə ölənlər arasında bir uşaq da var və bütün qurbanların bir ailəyə məxsus olduğu bildirilir.
Qeyd olunur ki, bir gün əvvəl Nəbatiyə qubernatorluğundakı 16 kəndin sakinlərinə İsrail ordusu tərəfindən yaxınlaşan hava hücumları səbəbilə təxliyə xəbərdarlığı edilib.
İsrail ordusunun sözçüsü Aviçay Edri bildirib ki, həmin ərazilər Hizbullah döyüşçüləri tərəfindən silahlı hücumlar üçün istifadə olunur.
Eyni zamanda, Livan Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2 martdan bəri davam edən hərbi eskalasiya nəticəsində ölkənin cənub və şərq bölgələrində 2500-dən çox insan həlak olub, 7800-dən çox insan isə yaralanıb.
Aminə ŞAHSUVARQIZI