AZ

FT: İrandakı müharibə Ukrayna üçün yeni imkanlar açıb və Rusiyanı zəiflədib

İranla müharibənin başlanmasından iki ay sonra Rusiya müəyyən üstünlüklər əldə edib: neft gəlirlərindən əlavə milyardlar qazanıb, Ukraynaya raket zərbələrini gücləndirib və ABŞ-ın "Epik qəzəb" əməliyyatının uğursuz gedişini müşahidə edir...

Poliqon xəbər verir ki, bu barədə Financial Times üçün Nüvə Silahlarının Yayılmaması Araşdırmaları Mərkəzinin proqram direktoru Ceyms Martin yazır.

"Lakin bu müharibənin Vladimir Putin üçün arzuolunmaz yan təsiri də oldu: Ukrayna Yaxın Şərq gündəminə daxil oldu. İranın dron və raket hücumlarına qarşı yetərincə hazır olmayan Fars körfəzi ölkələri dəstək üçün Ukraynaya müraciət etdilər. Bu əməkdaşlıq həmin ölkələrin Moskvadan tam uzaqlaşması demək olmasa da, son illərdə regionda mövqelərini itirən Rusiya üçün növbəti uğursuzluqdur", deyə ekspert bildirib.

Fevralın sonunda İran ABŞ və İsrailin hücumlarına cavab olaraq region üzrə zərbələr endirdikdə, Ukrayna Prezidenti Volodimir Zelenski tez reaksiya verərək İordaniyadakı ABŞ bazalarını qorumaq üçün tutucu dronlar göndərib.

"Məhz bundan sonra o, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ ilə danışıqlara başlayıb, Ukraynanın dron texnologiyalarını diplomatik dəstək və enerji sahəsində razılaşmalar qarşılığında təklif edib. Paket çərçivəsində Ukrayna təlimlər, proqram təminatının yenilənməsi və birgə istehsal xətləri vəd edib", deyə müəllif xatırladır.

Ekspertin fikrincə, hazırda ABŞ və İran qeyri-müəyyən, nə müharibə, nə də sülh vəziyyətindədir:

"Fars körfəzi ölkələri hesab etməlidir ki, İran rejimi sağ qalacağı təqdirdə, istədiyi vaxt onların ərazilərinə zərbə endirə biləcək dronların kütləvi istehsal imkanını qoruyacaq. Buna görə də onlar Ukrayna ilə uzunmüddətli əməkdaşlıqda maraqlıdır".

Eyni zamanda müharibədən zəifləmiş İran hərbi potensialını bərpa etmək üçün Rusiyaya müraciət edə bilər. Bu əməkdaşlığın qarşısını almaq istəyən Körfəz ölkələri Moskva ilə dialoqu da davam etdirməlidir.

"2024-cü ildə Səudiyyə Ərəbistanı Rusiyanı İranın dəstəklədiyi husilərə raket verməməyə razı salmaqda rol oynamışdı və gələcəkdə də Putinin dəstəyinə ümid edə bilər. Rusiyanın İrana dəstəyinin artması riski İsrail tərəfindən də diqqətlə izlənilir", deyə nəşr vurğulayır.

Bununla belə, ehtiyatlı davranmaq Körfəz ölkələrinə Ukrayna ilə əməkdaşlığı genişləndirməyə mane olmur. Rusiya Zelenskinin hərbi diplomatiyasını açıq şəkildə lağa qoysa da, regionun Ukraynaya artan marağı və Rusiyanın zəifləməsi Kreml üçün arzuolunan deyil.

"Hazırda Kreml vasitəçi rolunu təklif etsə də, onu Pakistan qabaqlayıb. Ümumilikdə, bu gün Rusiya on il əvvəlki gücü ilə müqayisədə Yaxın Şərqdə daha zəif mövqedədir", deyə müəllif qeyd edir.

Eyni zamanda Ukrayna Yaxın Şərqdən kənarda da təşəbbüslərindən fayda götürə bilər. Zelenskinin Körfəz ölkələrinə səfəri zamanı Avropa və Cənubi Qafqaz ölkələri ilə müdafiə sənayesi üzrə əməkdaşlıq razılaşmaları əldə olunub.

"Beləliklə, getdikcə daha çox ölkə Ukraynanın mövcudluğu və inkişafında maraqlı olur. Bu, uzunmüddətli və ağır müharibə aparan ölkə üçün məntiqli strategiyadır. ABŞ və İsrailin İrana qarşı müharibəsi Rusiyaya qısamüddətli fayda gətirsə də, uzunmüddətli perspektivdə daha böyük üstünlükləri Ukrayna əldə edə bilər", deyə məqalədə yekunlaşdırılır.

Poliqon.info

Seçilən
57
poliqon.info

1Mənbələr