AZ

Küləyin vurduğu ziyanı kim ödəməlidir?

Bakıda müşahidə olunan güclü külək nəticəsində 34 ağac aşıb. Bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib. Bildirilib ki, son iki gün ərzində güclü küləklə əlaqədar ağac aşması barədə qurumun qaynar xəttinə ümumilikdə 34 müraciət daxil olub. Hazırda paytaxtın müxtəlif ərazilərində təmizlənmə işləri aparılır. "Baş verən ağac aşmaları və budaqların qırılması halları ilə bağlı operativ tədbirlər həyata keçirilir", - məlumatda vurğulanıb. Bu hallar bəzi ərazilərdə avtomobillərə və digər əmlaklara ziyan vurub. Belə vəziyyətlərdə zərərin kimin tərəfindən qarşılanacağı və vətəndaşların hansı hüquqlara malik olduğu məsələsi daha da aktuallaşır.

Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, əgər vətəndaş sübut edə bilsə ki, ağaclara vaxtında qulluq olunmalı idi, məsələ araşdırıla bilər:

“Bu qulluq dövlət və ya bələdiyyə tərəfindən həyata keçirilməli idi. Lakin bu iş görülməyibsə və nəticədə ağac aşıbsa, məsuliyyət yaranır. Ağacın aşması vətəndaşın əmlakına, xüsusilə avtomobilinə ziyan vurubsa, o zaman dəymiş zərərin ödənilməsi tələb oluna bilər. Lakin bu cür hallarda sübutetmə prosesi kifayət qədər çətin olur və vətəndaşın bunu necə əsaslandıracağı ciddi sual doğurur. Digər tərəfdən, dövlət qurumları belə hallarda hadisəni təbii səbəblərlə, məsələn, güclü küləklə əlaqələndirə bilər və bunun onların nəzarətindən kənar olduğunu bildirə bilər”.

O qeyd edib ki, əksər hallarda bu yanaşma əsaslı sayılır:

“Belə vəziyyətlərdə əsas məsuliyyət sığorta mexanizmlərinin üzərinə düşür. Avtomobillər üçün icbari sığorta mövcuddur və vətəndaşlar bu halda sığorta şirkətinə müraciət edərək zərərin ödənilməsini tələb edə bilərlər. Daşınmaz əmlak evlər, mənzillər və binalar üçün də icbari sığorta nəzərdə tutulsa da, praktikada bir çox insan bu sığortanı etdirmir. Əgər sığorta mövcuddursa, zərər sığorta şirkəti tərəfindən qarşılanır, yoxdursa, vətəndaş faktiki olaraq zərəri özü çəkməli olur”.

Yəni, əgər külək ağacı aşırıb maşınınızı əzibsə və kasko sığortanız yoxdursa, aidiyyəti qurumlara ağaca vaxtında qulluq etmədiyini sübut etmək çox çətin olduğu üçün ziyanı çox vaxt vətəndaş özü ödəməli olur.

Seçilən
60
1
musavat.com

2Mənbələr