İtaliya Futbol Federasiyasında xarici idarəetmənin tətbiq olunma ehtimalı səbəbindən ölkə 2032-ci ildə futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək hüququndan məhrum edilə bilər.
Publika.az "Calcio e Finanza" nəşrinə istinadla xəbər verir ki, belə bir qərar qəbul olunacağı təqdirdə İtaliya klublarının avrokubok turnirlərindən kənarlaşdırılması da mümkündür.
Federasiyada xarici idarəetmənin tətbiqi korrupsiya qalmaqalı fonunda baş verə bilər. Belə ki, Milan prokurorluğu Milli Hakimlər Komissiyasının rəhbəri Canluka Rokkiyə qarşı idmanda fırıldaqçılıq ittihamı irəli sürüb. O, "İnter" klubuna sərfəli olan hakimləri təyin etməkdə şübhəli bilinir. Rokki artıq istefa verib, "İnter"i isə bir sıra titullardan məhrum edilmə və Seriya B-yə göndərilmə təhlükəsi gözləyir.
UEFA prezidenti Aleksander Çeferin Seriya A-nın rəhbəri Esio Simonelli ilə görüşü zamanı bildirib ki, proseslərə siyasi müdaxilə sanksiyalara, o cümlədən AVRO-2032-nin ev sahibliyinin əldən çıxmasına səbəb ola bilər.