AZ

Qlobal enerji savaşında dönüş nöqtəsi: BƏƏ OPEC-dən ayrılır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) mayın 1-dən OPEC-dən və dünya neft bazarlarında qiymətlərin tənzimlənməsi üzrə OPEC+ sazişindən çıxmağa qərar verib.

Bu barədə “Report” agentliyi WAM agentliyinə istinadən xəbər verib.

Məlumata görə, BƏƏ 2026-cı il mayın 1-dən etibarən Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC və OPEC+) çıxmaq qərarını bu gün elan edib. Bu qərar BƏƏ-nin uzunmüddətli strateji və iqtisadi baxışını, həmçinin ölkənin dəyişən enerji profilini, o cümlədən daxili enerji istehsalına sürətləndirilmiş investisiyaları əks etdirir və onun dünya enerji bazarlarında məsuliyyətli, etibarlı və perspektivli rola sadiqliyini təsdiqləyir”, - məlumatda bildirilir.

Qeyd olunur ki, bu qərar BƏƏ-nin istehsal siyasətinin, eləcə də onların cari və gələcək güclərinin hərtərəfli təhlilindən sonra qəbul edilib və ölkənin milli maraqlarına, həmçinin bazarın aktual ehtiyaclarının ödənilməsinə səmərəli şəkildə töhfə vermək istəyinə əsaslanır.

Bəyanat OPEC-in aprelin 29-da Vyanada keçiriləcək görüşü ərəfəsində verilib.

"Qısamüddətli dəyişkənlik, o cümlədən Ərəbistan körfəzi və Hörmüz boğazında baş verən fasilələr təchizat dinamikasına təsir göstərməyə davam etsə də, əsas tendensiyalar orta və uzunmüddətli perspektivdə qlobal enerji tələbatının davamlı artımını göstərir", - agentlik qeyd edir.

"Biz həm OPEC-in, həm də OPEC+ alyansının səylərinə görə minnətdarlığımızı bildirir və onlara uğurlar arzulayırıq", - məlumatda deyilir.

Agentlik qeyd edir ki, gündəlik təxminən 3-3,5 milyon barel neft hasil edən BƏƏ OPEC-dəki fəaliyyəti müddətində əhəmiyyətli töhfə verib.

"Lakin indi səylərimizi milli maraqlarımızın və investorlar, müştərilər, tərəfdaşlar və qlobal enerji bazarları qarşısında öhdəliklərimizin tələb etdiyi istiqamətə yönəltməyin vaxtıdır. Gələcəkdə məhz buna diqqət yetirəcəyik", - WAM bildirir.

İqtisadçı Rəşad Həsənov Musavat.com-a açıqlamasında bildirib ki, BƏƏ-nin bu qərarı yeni deyil. Onun sözlərinə görə, bu qərar bir neçə il idi ki, müzakirə olunurdu: “BƏƏ hasilatın artırılması və neft sənayesində yeni investisiya qoyuluşları məsələsini öz siyasətində önə çıxarmağa çalışır. Eyni zamanda BƏƏ qlobal neft təchizatı sahəsində mühüm oyunçulardan biridir, gün ərzində təxminən neftə olan tələbatın 3 faizdən artıq hissəsini hasil edir. Hazırda Hörmüz boğazının bağlanması səbəbindən gündəlik ixrac potensialını tam olaraq gerçəkləşdirə bilmir. BƏƏ hazırda bazara gündəlik təxminən 2.8 milyon barel neft təklif edə bilir, amma məhdudiyyət olmasa idi, 3.5 milyona qədər barel neft ixrac etmək potensialı var. Düşünürəm ki, BƏƏ-nin məqsədi daha müstəqil enerji siyasəti həyata keçirməkdir. OPEC və OPEC+ çərçivəsində ölkələrin üzərinə götürdüyü məhdudiyyətlər bəzi hallarda bu siyasəti həyata keçirmək üçün çətinliklər yaradır. Hasilat limitlərinin müəyyən edilməsi və s. ölkənin siyasətinə birbaşa təsir göstərən amillərdən biridir. Fikrimcə, bu yanaşma sözügedən formatlar çərçivəsində hazırda qlobal bazarlarda monopolist mövqedə olan istehsalçıların yanaşmasının nisbətən zəifləməsinə gətirib çıxara bilər. Gələcəkdə hasilatın azalması yaxud müəyyən məhdudiyyətlərin tətbiq edilməsi ilə razılaşmayan ölkələrin də bu cür qərar verməsi ehtimalını bazarlar qısamüddətli dövrdə dəyərləndirə bilər. Əgər dəyərləndirərsə, bu, bazarda qiymət monopoliyası istiqamətində mövcud olan status-kvonun dəyişməsi ilə bağlı gözləntilər formalaşdırmaqla qiymətlərə azaldıcı təsir göstərəcək. Eyni zamanda BƏƏ gündəlik hasilatını 5 milyon barelə qaldırmaq istəyir. Belə olan təqdirdə, təkcə bu təşəbbüs nəticəsində dünya bazarına gündəlik ümumi tələbatın 1-1.5 faizi həcmində əlavə neftin daxil olması gündəmə gəlir ki, bu da müvafiq istiqamətdə bazar konyukturunun təklif əsaslı pozitiv dəyişikliklərlə şərtlənməsini özündə ehtiva edir. Bu kontekstdən yanaşsaq, bu gözləntinin özü də qiymətlərə azaldıcı təsir göstərə bilər”.
İqtisadçı hesab edir ki, indiki şərtlər daxilində məsələnin qısamüddətli təsirlərindən danışmaq doğru deyil: “BƏƏ-nin planlamasına görə, növbəti il yarım ərzində hər hansı dəyişiklik baş verməsə-geosiyasi vəziyyət uyğun olsa, müharibənin eskalasiyası məsələləri gündəmdən düşsə, qoyulan investisiyalar nəticəsində hasilatın artırılmasına nail oluna bilər. Bu, ortamüddətli dövrdə bazar konyukturuna müsbət təsiredici amil kimi dəyərləndirilsə də, indiki şərtlər daxilində ciddi təsirlər olmadığı üçün bazarlarda qısamüddətli dövrdə qiymət dəyişikliyini şərtləndirməyə bilər. Ümumilikdə isə, OPEC və OPEC+ formatında monopolist bazar oyunçularının mövqeyinin zəifləməsi və BƏƏ-nin hasilatın artırılması ilə bağlı, təxminən ölkə müqayisəsində 30 faizə yaxın artırması ilə bağlı strategiyası qlobal enerji bazarlarına neftin qiymətinin ucuzlaşma istiqamətli təsiri olacağını qeyd edə bilərik”.

Nigar Həsənli
Musavat.com

Seçilən
64
musavat.com

1Mənbələr