AZ

Düşüncənin sükutu, zəkanın mübarizəsi: “Baku Open” şahmat festivalından REPORTAJ

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 28 aprel, AZƏRTAC

Bakı yenidən şahmatın mərkəzinə çevrilib. Azərbaycan Şahmat Federasiyası, eləcə də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Baku Open” beynəlxalq şahmat festivalı Bakı Kristal Zalında start götürüb.

Zalada ilk diqqətimizi çəkən məqam sükut oldu. Amma bu, adi sükut deyil, düşüncənin, hesablamanın, strateji gedişlərin sükutudur. Onlarla şahmat taxtası arxasında yüzlərlə iştirakçı eyni anda mübarizə aparır. Hər fiqurun hərəkəti, hər saniyə düşünülən qərar turnirin gedişinə təsir edə bilər.

Bu il festival kifayət qədər genişmiqyaslıdır. Ümumilikdə 921 şahmatçı A, B və C qruplarında İsveçrə sistemi üzrə 9 turdan ibarət yarışda qüvvəsini sınayır. Müxtəlif yaş qruplarını və səviyyələri əhatə edən turnir həm peşəkarlar, həm də gənc istedadlar üçün böyük platformadır. Turnirin ümumi mükafat fondu 50 min ABŞ dollarıdır ki, bu da iştirakçıların motivasiyasını daha da artırır. Zalda gəzdikcə müxtəlif ölkələrdən gələn şahmatçıları bir arada görmək mümkündür. Çin, İngiltərə, Qazaxıstan, Cənubi Afrika Respublikası, Özbəkistan, Ukrayna və Tacikistan daxil olmaqla 15 ölkənin təmsilçiləri bu zəka mübarizəsində iştirak edirlər.

Festivalda tanınmış qrossmeysterlərin iştirakı da diqqət çəkir. Yarışda 2018-ci ilin rapid üzrə dünya çempionu Daniil Dubov, FIDE versiyası üzrə ən gənc dünya çempionu Ruslan Ponomaryov, hindistanlı Pranav Anand, Türkiyənin aparıcı şahmatçılarından Vahap Şanal və gənclər arasında ikiqat dünya çempionu Polina Shuvalova kimi adlar yer alıb.

Yerli şahmatçılar da diqqət mərkəzindədir. Start reytinqində ilk onluqda Avropa çempionatının gümüş mükafatçısı Nicat Abasov, eləcə də Misrətdin İsgəndərov və Vüqar Rəsulov qərarlaşıb. Onların çıxışları yerli azarkeşlər tərəfindən xüsusi maraqla izlənilir. Zalda müşahidə etdiyimiz maraqlı məqamlardan biri də oyunlararası fasilələrdə şahmatçıların partiyalarını analiz etməsi idi. Bəziləri məşqçiləri ilə birlikdə səhvlər üzərində işləyir, digərləri isə sakit guşələrdə növbəti tur üçün konsentrasiya toplayırdı. Gənc iştirakçıların gözlərində həm həyəcan, həm də böyük motivasiya hiss olunurdu.

Zalda diqqətçəkən məqamlardan biri də uşaq şahmatçıların fəallığı idi. Kiçik yaşlarına baxmayaraq, onların oyuna yanaşması və ciddi konsentrasiyası xüsusi maraq doğururdu. Bəzi masalarda hələ məktəbli olan iştirakçıların böyük ustalıqla gedişlər qurması izləyənlərdə heyranlıq yaradırdı. Gənc şahmatçılar üçün “Baku Open” kimi nüfuzlu turnirdə iştirak etmək yalnız yarış deyil, həm də böyük təcrübə və gələcək uğurlara atılan mühüm addım kimi qiymətləndirilir.

“Baku Open” yalnız yarış deyil, eyni zamanda, şahmat bayramıdır. Burada həm təcrübə, həm ambisiya, həm də zəkanın gözəlliyi bir araya gəlir. Turnirə mayın 6-da yekun vurulacaq və bütün qaliblərin adları həmin gün məlum olacaq.

Müxbirlər - Cavid Əliyev

Fotoqraf - Tofiq Babayev

Videoqraf - İlham Nadirov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
1
azertag.az

2Mənbələr