Demokrat.az saytına istinadən ain.az xəbər verir.
May ayında toy etməmək ənənəsi əsasən qədim inanclar və xalq arasında formalaşmış rəmzi baxışlarla bağlıdır. Bir çox cəmiyyətlərdə, o cümlədən bölgəmizdə də bu ay "ağır dövr” kimi qəbul olunub və bu səbəbdən toy kimi mühüm ailə tədbirlərindən çəkinmək adət halını alıb. Bəs, bu ənənənin kökü haradan gəlir və müasir dövrdə onun nə dərəcədə məntiqi və ya praktik əsası var?Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, may ayında toy edilməməsi ilə bağlı heç bir ciddi əsas və ya arqument yoxdur. "Mən hesab edirəm ki, bu, sadəcə keçmiş dövrlərdə mövcud olan maddi problemlərlə bağlı olub. Məlum olduğu kimi, ilin 12 ayı içində ən ağır ay həmişə may ayı hesab edilib. Əvvəlki mövsümün bütün məhsullarının bitdiyi, yeni məhsulların isə hələ çıxmadığı bir dövrdür. Yəni bu ay həm ən bahalı, həm də ən qıt ay sayılıb. Ona görə də keçmişdə bu ayda toy etmək həm çətin, həm də çox baha başa gəlirdi. Bu səbəbdən insanlar daha çox bolluq olan dövrlərdə, əsasən yay və payız aylarında toy etməyə üstünlük veriblər. May ayı isə ilin ən çətin dövrlərindən biri olduğu üçün bu aya xüsusi üstünlük verilməyib".Sosioloq bildirib ki, son dövrlərdə isə bu problem aradan qalxıb. "Artıq ilin bütün fəsillərində hər şey əlçatandır və bolluqdur. Ona görə də bu məsələ öz aktuallığını itirib. Əslində ayların və günlərin xeyir işlərə heç bir təsiri yoxdur. Hər hansı xeyir işi istənilən gündə və istənilən ayda etmək olar və bunun mənəvi və psixoloji baxımdan fərqi yoxdur. Sadəcə keçmişdə maddi çətinliklər, qıtlıq və bahalıq insanları may ayında toy etməkdən çəkindirib. Başqa heç bir səbəb yoxdur".Sosioloq qeyd edib ki, indiki dövrdə fəsillər arasındakı fərq tamamilə aradan qalxıb. Mağazalarda və bazarlarda ilin hər günü bolluq olduğu üçün may ayında toy etməyin heç bir mənəvi və ya praktiki maneəsi yoxdur. Bayramlının fikrincə, ayların və ya günlərin insanın taleyinə, qurulan ailənin xoşbəxtliyinə heç bir birbaşa təsiri yoxdur. İnsanlar sadəcə köhnə vərdişlərin təsirindən çıxmalı və bu ayı da digərləri kimi xeyir işlər üçün dəyərləndirməlidirlər.Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.