AZ

İmtahan ərəfəsində artan psixoloji gərginlik: səbəblər və çıxış yolları

İmtahanlar ərəfəsində yeniyetmə və gənclər arasında psixoloji gərginlik artır. Hiss etdikləri bu gərginlik nəticəsində imtahanda daha aşağı nəticə göstərənlər də az deyil. Ümumiyyətlə, bəhs edilən yaş dövründə psixoloji gərginliyi artıran əsas amillər nələrdir və buna qarşı hansı tədbirləri görmək olar? Bu prosesdə məktəbin və müəllimlərin üzərinə hansı vəzifələr düşür?

 

Mövzu ilə bağlı Pravda.az-a danışan psixoloq, Psixologiya Elmi-Tədqiqat İnstitutunun direktoru Elnur Rüstəmov bir sıra məqamlara toxunub.

 

O bildirib ki, yeniyetmə və gənclər arasında psixoloji gərginliyin artması yalnız bir səbəblə izah olunan proses deyil: “Bu, bir neçə paralel faktorun üst-üstə düşməsi nəticəsində formalaşır və xüsusilə keçid dövründə olan fərdlər bu təsirlərə daha həssas olurlar. İmtahan dövrlərinin yaxınlaşması bu gərginliyi daha da kəskinləşdirir, çünki qiymətləndirilmə qorxusu, uğursuzluq ehtimalı və sosial müqayisə hissi daxili təzyiqi artırır. Gənc insan üçün imtahan yalnız bilik yoxlanışı deyil, çox zaman öz dəyərinin ölçüsü kimi qəbul edilir. Bununla yanaşı, ailə daxilində gözləntilərin yüksək olması, emosional dəstəyin kifayət qədər olmaması və ya ünsiyyətin formal xarakter daşıması gəncin özünü tək hiss etməsinə səbəb olur”.

 

Psixoloq vurğulayıb ki, məktəb mühiti də burada mühüm rol oynayır: “Belə ki, müəllim yanaşması, qiymətləndirmə üsulları, sinif daxilindəki sosial münasibətlər, bəzən isə gizli və ya açıq təzyiq elementləri gəncin psixoloji vəziyyətinə birbaşa təsir edir. Eyni zamanda, sosial medianın təsiri də unudulmamalıdır. Orada yaradılan ‘ideal həyat’ görüntüsü gənclərdə özünü yetərsiz hiss etmə, müqayisə və dəyərsizlik duyğularını gücləndirə bilir. Bu proseslər fonunda bəzi gənclər emosiyalarını tənzimləməkdə çətinlik çəkir, çıxış yolu görmədikdə isə ümidsizlik hissi dərinləşir”.

 

Mütəxəssis vurğulayıb ki, burada əsas məsələ həmin vəziyyətə gəlməzdən əvvəl risk siqnallarını görmək və vaxtında müdaxilə etməkdir: “Gənc insan birdən-birə dəyişmir. Onun davranışında, ünsiyyətində, maraqlarında, emosional reaksiyalarında dəyişikliklər əvvəlcədən müşahidə olunur. Valideynlər üçün ən vacib məsələ nəzarəti artırmaq deyil, əlaqəni gücləndirməkdir. Uşaq valideyni yanında özünü təhlükəsiz hiss etməlidir ki, daxili narahatlığını paylaşa bilsin. Dinləmək burada danışmaqdan daha vacibdir. Müqayisə, tənqid və ya yalnız nəticəyə fokuslanmaq əvəzinə, prosesə və səylərə dəyər verilməlidir”.

 

O qeyd edib ki, müəllimlər yalnız bilik ötürən yox, eyni zamanda psixoloji mühit yaradan əsas fiqurlardır: “Sinifdə dəstəkleyici atmosferin qurulması, şagirdin fərdi xüsusiyyətlərinin nəzərə alınması, həddindən artıq təzyiqdən uzaq, balanslı yanaşma çox önəmlidir. Məktəblərdə psixoloji xidmətlərin aktiv və sistemli fəaliyyəti artıq zərurət səviyyəsindədir”.

 

Müsahibimizin sözlərinə görə, gənclərə emosiyalarını tanımaq və ifadə etmək bacarığı öyrədilməlidir: “Çətinlik yaşamaq zəiflik deyil, bu, inkişaf prosesinin bir hissəsidir. Problemləri tək həll etməyə çalışmaq əvəzinə, güvənilən insanlarla bölüşmək, dəstək axtarmaq sağlam davranış modelidir. Həyatın yalnız bir mərhələsinə fokuslanmaq əvəzinə, daha geniş perspektiv formalaşdırmaq da psixoloji dayanıqlılığı artırır. Ümumilikdə yanaşma reaktiv deyil, preventiv olmalıdır. Yəni hadisə baş verdikdən sonra deyil, ondan əvvəl risk faktorlarını azaltmaq və qoruyucu mexanizmləri gücləndirmək əsas strategiya kimi qəbul edilməlidir. Bu isə ailə, məktəb və cəmiyyətin koordinasiyalı şəkildə işləməsini tələb edir”.

 

Aygün İbrahimli

Tarix: 28 Aprel 2026, 17:44   
Seçilən
49
pravda.az

1Mənbələr