ain.az bildirir, Cebheinfo portalına istinadən.
Azərbaycanda təhsil sistemi və xüsusilə imtahan sistemi uzun illərdir cəmiyyətdə müzakirə edilir.
Mövcud modeldə şagirdlər demək olar ki, təhsil həyatlarının hər mərhələsində imtahanla qarşılaşır və bu da təhsili bilik qazanmaq prosesindən çox, nəticə uğrunda yarışa çevirir. Bir çox hallarda məktəblər şagirdi inkişaf etdirməkdən daha çox onu növbəti imtahana hazırlamaq funksiyasını yerinə yetirir.
Şagirdlər hələ erkən yaşlardan imtahan təzyiqi ilə üzləşirlər. Məktəbəqədər hazırlıqdan başlayan bu proses lisey və gimnaziyalara qəbul, summativ qiymətləndirmələr, 9-cu və 11-ci sinif buraxılış və daha sonra qəbul imtahanları ilə davam edir. Yəni uşaqlar davamlı olaraq qiymətləndirilmə stressi altında böyüyür.
Bu baxımdan, “Azərbaycana yeni imtahan modelinə ehtiyac varmı?” sualı getdikcə daha aktuallaşır. Dövlət İmtahan Mərkəzinin 2027-ci ildən xarici dil fənləri üzrə daha funksional və kommunikativ bacarıqları ölçən yeni yanaşma tətbiq etmək niyyəti bu müzakirələri yenidən gündəmə gətirib.
Bu dəyişiklik onu göstərir ki, mövcud qiymətləndirmə mexanizmlərinin müəyyən sahələrdə yenilənməsinə ehtiyac artıq rəsmi səviyyədə də qəbul olunur. Yeni model hazırlanarkən həm imtahan sayı, həm də onların tədris prosesinə təsiri yenidən nəzərdən keçirilməlidir. Məqsəd şagirdin real bilik və bacarığını ölçən, onu düşünməyə və öyrənməyə təşviq edən daha balanslı qiymətləndirmə sistemi qurmaq olmalıdır.
Təhsil sistemində yeni imtahan modeli necə olmalıdır?
Mövzu ilə bağlı “Cebheinfo.az” –a açıqlamasında təhsil ekspert Məzahir Məmmədli bildirib ki, hazırkı imtahan modelində şagirdin marağı deyil, topladığı bal əsas rol oynayır:

“Dövlət İmtahan Mərkəzinin funksiyası həm buraxılış imtahanlarını keçirmək, həm də ayrı-ayrı sahələr üzrə imtahanlar təşkil etmək və ali təhsil müəssisələrinə qəbul prosesini həyata keçirməkdir. Təəssüf ki, bu model gələcəyin əmək bazarı üçün ciddi problemlər yaradır.
Məsələn, bir şəxs III ixtisas qrupuna sənəd verib hüquqşünas olmaq istəyirsə, nəticədə psixoloq, tarixçi və ya filoloq kimi ixtisaslara yönləndirilə bilir. Yeni qruplar üzrə seçim sistemi isə abituriyentlər üçün ciddi çətinliklər yaradır. Buna görə də gələcəyin imtahan modeli tamamilə fərqli olmalıdır”.
O qeyd edib ki, imtahan modelində daha çevik yanaşmaya ehtiyac var:
“Buraxılış imtahanları ayrıca qiymətləndirilməli, ondan sonra isə ali təhsil müəssisələrinə qəbul yalnız həmin nəticələr əsasında həyata keçirilməlidir.
Lakin hazırkı sistemdə buraxılış imtahanları faktiki olaraq ali məktəblərə qəbul üçün bir “keçid pilləsi” rolunu oynayır. Beləliklə, bir mərhələdə toplanan bal digər mərhələnin nəticəsinə sadəcə təsir edir.
Bu səbəbdən Dövlət İmtahan Mərkəzinin hazırkı monopolist mövqeyinə yenidən baxılması zəruridir. İmtahanların hazırlanması, keçirilməsi və sualların formalaşdırılması prosesində bu cür mərkəzləşmiş idarəetmə mövcud sistemin tələblərinə cavab vermir və müasir yanaşmalarla uyğunlaşmır”.
Gülər Həsənli
“Cebheinfo.az”
Açar sözlər:
imtahan Məzahir Məmmədli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.