AZ

Fidan Avstriyaya gedir

Türkiyə xarici işlər naziri Hakan Fidan Avstriyaya rəsmi səfər edəcək . 

"Cebheinfo.az" xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi mənbələrindən əldə edilən məlumata görə, Fidan 29-30 apreldə Avstriyaya edəcəyi səfər zamanı həmkarı Maynl-Rayzinger ilə görüşəcək. 

Nazir Fidanın səfər çərçivəsində Avstriya Baş naziri Kristian Ştoker tərəfindən qəbul edilməsi, ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşməsi, Vyana Diplomatiya Akademiyasında keçiriləcək konfransda çıxış etməsi və Türkiyə qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşməsi nəzərdə tutulur. 

Fidanın səfər çərçivəsində avstriyalı rəsmilərlə keçirəcəyi görüşlərdə Türkiyə ilə Avstriya arasındakı ikitərəfli münasibətləri siyasi, iqtisadi, ticarət, hərbi, mədəni və humanitar aspektləri ilə bütöv bir yanaşma ilə müzakirə etməsi gözlənilir. 

Həmçinin mövcud əməkdaşlıq sahələrinin daha da dərinləşdirilməsi imkanlarının qiymətləndirilməsi, ticarət dövriyyəsinin artırılması və qarşılıqlı investisiyaların təşviqi, eləcə də enerji, rəqəmsallaşma, bağlantı və müdafiə sənayesi kimi strateji sahələrdə əməkdaşlıq potensialının vurğulanması planlaşdırılır. 

Fidanın rəsmilərə Türkiyənin Rusiya-Ukrayna müharibəsində tərəflərin yenidən danışıqlar masasına qayıtmasına və müharibənin ədalətli, qalıcı sülhlə başa çatmasına yönəlmiş səyləri dəstəkləməyə davam edəcəyini ifadə etməsi gözlənilir. 

Həmçinin İran ilə ABŞ arasındakı münaqişənin qalıcı şəkildə sona çatdırılması məqsədilə həyata keçirilən təşəbbüslərə Türkiyənin dəstəyinin davam edəcəyi, Hörmüz boğazında naviqasiya azadlığının bərpası və müharibədən əvvəlki status-kvoya qayıdılmasının qlobal əhəmiyyəti vurğulanacaq. 

Bundan əlavə, İsrailin Qəzzada atəşkəs pozuntularına və sülh planını boşa çıxarmağa yönəlmiş addımlarına diqqət çəkəcəyi bildirilən Fidanın, İsrail Baş naziri Benyamin Netanyahu hökumətinin İordan çayının qərb sahilində qanunsuz məskunlaşanların terrorunu təşviq etdiyinə və işğalı sistematik şəkildə genişləndirdiyinə işarə etməsi gözlənilir. 

Seçilən
60
1
cebheinfo.az

1Mənbələr