AZ

Bakı siyasi dialoqlar üçün yeni coğrafi mərkəz statusu qazanır - Rəy

Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan və Ukrayna liderlərinin Bakıda baş tutan görüşü yalnız diplomatik protokol çərçivəsində dəyərləndirilə bilməz”.

Bunu Hafta.az-a Milli Məclisin deputatı Fəzail İbrahimli Azərbaycan Prezidenti İlham Əliyevlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Bakıda baş verən səmimi görüşü şərh edərkən deyib.

Onun fkrincə, görüş zamanı diqqət çəkən qucaqlaşma jesti beynəlxalq ictimaiyyətə ünvanlanmış açıq mesaj xarakteri daşıyır. Bu jest siyasətin rəsmi və soyuq dilindən kənara çıxaraq, etimad və həmrəylik üzərində qurulan münasibətlərin vizual ifadəsi kimi təqdim olunur.

Deputat qeyd edib ki, Bakının Kiyevə verdiyi “tək deyilsən” mesajı mövcud geosiyasi reallıqlar fonunda xüsusi əhəmiyyət kəsb edir:

"Çünki beynəlxalq münasibətlər sistemində bəzən bir jest belə çoxsaylı rəsmi sənədlərdən daha güclü təsir gücünə malik olur. Bu mənada, Azərbaycan tərəfinin nümayiş etdirdiyi mövqe yalnız ikitərəfli münasibətlərin deyil, eyni zamanda regionda və ondan kənarda formalaşan yeni siyasi balansın göstəricisi kimi şərh edilir.

Azərbaycan son illər balanslı xarici siyasət yürütməsinə baxmayaraq, humanitar və mənəvi xəttini qorumağa davam edir. Ukrayna ilə münasibətlərin müharibə dövründə də davam etməsi, humanitar yardımların göstərilməsi və sosial layihələrin həyata keçirilməsi bu münasibətlərin formal deyil, real məzmun daşıdığını ortaya qoyur. Müharibə şəraitində verilən dəstək isə tərəfdaşlığın sınaqdan keçmiş forması kimi daha yüksək dəyər qazanır”.

F.İbrahmli vurğulayıb ki, digər diqqətçəkən məqam Bakının potensial sülh platforması kimi təqdim olunmasıdır:

“Zelenskinin mümkün danışıqların Azərbaycanda keçirilməsi ilə bağlı mesajı təsadüfi sayılmır. Bu yanaşma Azərbaycanın artıq yalnız regional deyil, qlobal miqyasda etibarlı vasitəçi kimi qəbul olunmağa başladığını göstərir. Beləliklə, Bakı tədricən siyasi dialoqlar üçün yeni coğrafi mərkəz statusu qazanır. Azərbaycan artıq ənənəvi regional aktor çərçivəsindən çıxaraq daha geniş geosiyasi rol oynamağa başlayıb. Şərq-Qərb enerji dəhlizində, Şimal-Cənub nəqliyyat marşrutunda və beynəlxalq siyasi dialoq platformalarında artan fəallıq Bakının strateji əhəmiyyətini daha da gücləndirir. Bu kontekstdə Əliyev-Zelenski görüşündəki simvolik jestlər sadəcə diplomatik etiket deyil, yeni geosiyasi reallıqların vizual təsdiqi kimi qiymətləndirilir”.

Seçilən
71
hafta.az

1Mənbələr