Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Azərbaycan Respublikası ilə Çex Respublikası arasında münasibətlər müstəqillik dövründən sonra formalaşmış, zamanla sabit və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modelinə çevrilmişdir. Azərbaycanla Çex Respublikası arasında diplomatik əlaqələr 1993-cü il yanvar ayının 27-də qurulmuşdur. Daha sonra iki ölkə arasında siyasi dialoq inkişaf edib, müxtəlif sahələrdə əməkdaşlıq üçün möhkəm zəmin yaranıb. İki ölkə arasındakı münasibətlər, əsasən, qarşılıqlı hörmət, suverenliyə ehtiram, beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə davam və inkişaf etdirilir. Ölkələraarası əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyması və müxtəlif sahələr üzrə birgə fəaliyyətə dair yeni perspektivlərin müəyyənləşdirilməsi baxımından Çex Respublikasının Baş naziri Andrey Babiş ölkəmizə səfərə gəlmişdir.
Çexiya Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcıdır. Ölkə başçısı İlham Əliyevin onunla Qəbələdə keçirdiyi təkbətək və geniş tərkibdə görüşü, liderlərin bəyanatları əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirərək tərəflər arasında əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edir. 2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan ilə Çex Respublikası arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində mühüm rol oynayıb.
Görüş zamanı Azərbaycanla Çex Respublikası arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı mühüm təkliflər irəli sürülmüş, xüsusilə energetika sahəsində tərəfdaşlığın əhəmiyyəti vurğulanmışdır. Ölkə başçısı cənab İlham Əliyev bəyanatında Azərbaycanın öz təbii qazını hazırda 16 ölkəyə ixrac etdiyini və bu ölkələrdən 10-unun Avropa İttifaqının üzvü olmasını qeyd etmişdir. Bu da Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu nümayiş etdirir.
Görüşlər zamanı müdafiə sənayesi sahəsində əməkdaşlıq da tərəflər arasında önəmli istiqamətlərdən biri kimi qeyd olunmuş, qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilmişdir. Eyni zamanda, nəqliyyat, sənaye, innovasiya və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş perspektivlərin mövcud olduğu vurğulanmışdır.
Prezident İlham Əliyev ilə Baş nazir Andrey Babiş arasında keçirilmiş görüş və verilmiş bəyanatlar Azərbaycan-Çexiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu göstərir. Azərbaycanla Çex Respublikası arasındakı fəal siyasi dialoq və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq iki ölkə arasında əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə zəmin yaradır.
Altun Şeydayev,
YAP Ağsu rayon təşkilatının sədr müavini
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.