AZ

Qahirə Universitetində Azərbaycan dilini öyrənən tələbələr mükafatlandırılıb

Qahirə, 28 aprel, AZƏRTAC

Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin dördüncü kursunda Azərbaycan dilini öyrənən və yüksək nəticələr göstərmiş tələbələr Misir-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən mükafatlandırılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri tədqiqatçı-alim Seymur Nəsirov Misir və Azərbaycan xalqları arasında əlaqələrin tarixən yüksək səviyyədə olduğunu, bu münasibətlərin bu gün də uğurla davam edərək gündən-günə inkişaf etdiyini vurğulayıb. O, həmçinin Prezident İlham Əliyevin Azərbaycan dilinin dünyada yayılmasına böyük önəm verdiyini qeyd edib.

Daha sonra çıxış edən Azərbaycanın Misirdəki səfirliyinin müşaviri Fərhad Məmmədov bildirib ki, Misirdə Azərbaycan dilinə marağın yüksək olması hər iki xalq arasında dostluq münasibətlərinin bariz nümunəsidir. O, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin xalqlarımız arasındakı elmi və mədəni əlaqələrin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirərək tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirin sonunda Azərbaycan dili dərslərində yüksək nəticələr göstərən 18 tələbəyə sertifikat və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, hazırda Cəmiyyətin nəzdində fəaliyyət göstərən müxtəlif kurslarda 61 ölkədən 670-dən çox tələbə ödənişsiz əsaslarla təhsil alır. Tədris proqramına Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti və digər istiqamətlər daxildir.

Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Seçilən
55
6
azertag.az

7Mənbələr