Güclü ordunun təməli, peşəkar tədrisdən başlayır. Heydər Əliyev adına Hərbi İnstituta sənəd qəbulu davam edir.
Xezerxeber.az xəbər verir ki, Heydər Əliyev adına Hərbi İnstitut Azərbaycanın əsas hərbi təhsil müəssisələrindən biridir və ölkənin peşəkar zabit kadrlarının hazırlanmasında mühüm rol oynayır
Burada 3 fakültədə- Quru Qoşunları və Ümumfənlər fakültəsi, Hərbi Hava Qüvvələri fakültəsi və Hərbi Dəniz Qüvvələri fakültəsində, ümumilikdə 23 hərbi ixtisas üzrə zabit kadrları hazırlanır.
Hərbi institutda ilk dəfə olaraq ötən il qadın vətəndaşların qəbuluna başlanılıb. Hazırda xüsusi təyinatlı təhsil müəssisəsində qadın kursantların zabit kimi yetişdirilməsi davam edir.
Kursantlar ixtisaslarına uyğun olaraq nəzəri biliklərə yiyələnməklə yanaşı praktiki təlimlərə də cəlb olunurlar. Onlar müasir texnoloji yeniliklərə uyğun olaraq müxtəlif cihazlarda bu prosesi həyata keçirirlər.
Heydər Əliyev adına Hərbi institutda azərbaycanlılarla yanaşı, müxtəlif ölkələrdən olan şəxslər də təhsil alırlar. Onlar burada kursant olmaqdan fəxr etdiklərini bildirirlər.
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olan kurstanlar hərbi biliklərə yiyələnərək ixtisaslarını davam etdirirlər. Oxuduqları müddət ərzində onlar həm elmi, həm də fiziki bacarıqlarını artırırlar. Kursantlar müxtəlif idman növləri ilə məşğul olurlar.
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul prosesi davam edir. Bu çərçivədə hərbi liseylərə, kolleclərə, o cümlədən Heydər Əliyev adına Hərbi İnstituta və Hərbi Tibb fakültəsinə qəbul həyata keçirilir. Qəbul prosesi 31 may tarixinədək davam edəcəkdir.
Onu da qeyd edək ki, qəbul göstəriciləri davamlı olaraq artır. Məzunlara təhsil aldıqları ixtisaslara uyğun «bakalavr» diplomu və «leytenant» hərbi rütbəsi verilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.