AZ

11 illik buraxılış imtahanları eyni gündə keçirilə bilər? -AÇIQLAMA

Bildiyimiz kimi, 11 illik buraxılış imtahanları üzrə martın 9-da keçirilən imtahandan 2 nəfər, 15 martda keçirilən imtahandan isə 9 nəfər maksimal bal toplayıb. Bu isə yenidən narazılıqlara səbəb olub ki, bir imtahan digərindən daha çətin olub. Repetitorlardan biri isə təklif edir ki, imtahanların hamısı eyni gündə keçirilsin, yəni zonalara bölünməsin.

Elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri Redaktor.az-a açıqlamasında bildirdi ki, hər kəsin müəyyən məsələlərlə bağlı özünün fərdi, subyektiv yanaşması ola bilər:

"Amma belə məsələlər — miqyası on minlərlə abituriyenti, hətta yüz minlərin üzərində olan abituriyenti əhatə edən məsələlər — hər hansı bir repetitorun təklifi ilə və yaxud da ki, fikri ilə ölçülmür. Düzdür, fikirlərə hörmətlə yanaşırıq. Amma tədqiqatdan, ölçü və qiymətləndirmə meyarlarından tamam kənarda olan, işi yalnız və yalnız öz fənni ilə bağlı repetitorluq edərək sosial şəbəkələrdə müəyyən paylaşımlara vaxtını həsr edən şəxsin fikri etalon götürülə bilməz".

Müsahibimiz 9 martla 15 mart tarixlərində keçirilən imtahanlar arasında fərq olması fikri ilə də razı deyil:

"Testologiyanın öz prinsipləri var, sualların çətinlik səviyyəsinə görə bölgü həyata keçirilir. Bu bölgüdə öz işini kifayət qədər yüksək səviyyədə bilən Dövlət İmtahan Mərkəzi və mütəxəssisləri ustalıqla hərəkət edirlər. Bu məsələlər nisbi məsələlərdir. 9 martda iki nəfərin, 15 martda doqquz nəfərin maksimal bal yığması bu iki imtahan arasında kəskin fərq sayıla bilməz. Elə uşaq var ki, müəyyən bir məsələdə səhv edib, bircə sualı səhv yazmaqla 300 baldan məhrum olub. Hər şeyə mütləq yox, bir az nisbi pəncərədən də baxmaq lazımdır. Bu bölgünün, imtahanların fərqli-fərqli tarixlərdə keçirilməsinin fəlsəfəsi ondan ibarətdir ki, nəzarət mexanizmi, təşkilati işlər, digər prinsiplər peşəkar şəkildə həyata keçirilsin. İmtahan nəzarətçiləri var, ayrılan binalar var, onların təhlükəsizlik məqsədilə idarəetmə mexanizmləri var, yoxlama nəzarət funksiyaları var. İmtahandan sonra cavabların təhlükəsiz şəkildə daşınması, onların sonradan yoxlanılması, emal olunması — bunlar hamısı işdir. Bütün bu prosesləri eyni günə salanda, bilirsinizmi, bu işləri nə qədər də çətinləşdirir? Biz niyə hər şeyə ancaq öz pəncərəmizdən baxırıq? Bir az ümumi baxanda nə olar ki? Bu fikirlə razı deyiləm mən və bunu tam əsassız hesab edirəm".

Aytəkin TOFİQQIZI

Seçilən
37
redaktor.az

1Mənbələr