AZ

Hazırkı vəziyyətdə şagird və müəllimdə yaranan çaşqınlıq təhsilə inamsızlıq yaradır Əməkdar müəllim

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə aprelin 27-də bildirib ki, bəzi müəllimlər sosial şəbəkələrdə, xüsusilə “YouTube” çıxışlarında imtahan suallarını özlərinin həll edə bilmədiyini deyir və bunu şagirdlərin çətinlik çəkməsi ilə əsaslandırırlar. O qeyd edib ki, həmin suallar proqram çərçivəsindədir və şagirdlər düşünməyə təşviq olunmalıdır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Əməkdar müəllim, keçmiş deputat Sona Əliyeva bildirdi ki, Məleykə Abbaszadənin fikirləri təsadüfi bir irad deyil, təhsil sistemimizdə uzun illərdir ki, davam edən struktur problemin, yəni, akademik tədris ilə qiymətləndirmə standartları arasındakı kəskin fərqin təzahürüdür:

"İmtahan suallarının proqram çərçivəsində olması onların mütləq mənada sadə olması anlamına gəlməməlidir. Burada əsas problem sualın texniki mürəkkəbliyi deyil, şagirdin qazandığı nəzəri biliyi tətbiq etmə və sintez etmə bacarığının zəif olmasıdır. Mövcud məktəb tədrisi hələ də böyük ölçüdə informasiyanın yadda saxlanılmasına, yəni əzbərçiliyə kökləndiyi halda, müasir imtahan modeli bu informasiyanın funksional analizini və situasiyaya tətbiqini tələb edir. Bu, təhsilimizin daxilindəki ən böyük metodoloji ziddiyyətdir. Düşünün ki, şagirdi "bu nədir?" sualı ilə öyrədib, imtahanda ondan "necə?" və "nə üçün?" suallarına cavab tapmasını istəyiirik. O ki qaldı, bəzi müəllimlərin imtahan suallarını həll etməkdə çətinlik çəkməsinə, bunu fərdi uğursuzluqdan ziyadə, kadr hazırlığı və ixtisasartırma siyasətinin səmərəsizliyi kimi qiymətləndirmək olar. Müəllim təhsil ekosisteminin mərkəzi icraçısıdır. Əgər dərsliklər, metodik vəsaitlər və kurikulumun tətbiq mexanizmləri müəllimdə təhlil, dəyərləndirmə, yaradıcılıq kimi bacarıqlar formalaşdırmırsa, ondan yüksək çeviklik gözləmək doğru deyil. Müəllimə yeni tələblər qoyulsa da, bu tələbləri realizə etmək üçün lazım olan konseptual alətlər və metodik dəstək eyni tempdə təqdim olunmur".

Müsahibimiz qeyd etdi ki, təhsil və universitetə hazırlıq prosesinin zəhmət tələb etməsi təbiidir və bu, şagirddə intellektual inkişafa xidmət etməlidir.

"Lakin hazırkı vəziyyətdə həm şagird, həm də müəllim tərəfində yaranan çaşqınlıq inkişafı deyil, təhsil sisteminə qarşı inamsızlıq yaradır. Əgər təhsil müəssisəsi düşünməyi, sorğulamağı və məntiqi nəticə çıxarmağı gündəlik vərdişə çevirmirsə, qiymətləndirmə mərhələsində bu bacarıqların tələb olunması belə bir ziddiyətli vəziyyət yaradır. Düşünürəm ki, yaranan problem proqramın məzmununda deyil, həmin məzmunun hansı fəlsəfi yanaşma ilə tədris olunmasındadır. Biz hələ də şagirdlərə nəyi bilməli olduqlarını aşılayırıq, lakin necə düşünməli olduqlarını öyrətməkdə gecikirik. Və təəssüf ki, bizim tədris prosesimiz hələ də mühafizəkar və statistik məlumatları aşılamaqda davam edir. Odur ki, məktəblər şagirdlərə düşünməyi öyrətməyənə qədər, imtahanın bunu tələb etməsi cəmiyyətdə anlaşılmazlıq və narazılıq kimi qalmağa davam edəcək", - deyə S.Əliyeva vurğuladı.

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
1
redaktor.az

2Mənbələr