"Bu il ilk dəfə olaraq məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyət, yəni tərbiyəçi-müəllimlər və metodistlər də sertifikatlaşdırmaya cəlb olunacaqlar".
Redaktor.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov keçirdiyi brifinqdə bildirdi.
Onun sözlərinə görə, bu kateqoriyaya aid pedaqoji heyətin sayı təxminən 12 min nəfərdir:
"Prosesin ilin sonuna doğru, oktyabr–noyabr aylarında keçirilməsi planlaşdırılır. Daha dəqiq tarixlər barədə məlumat namizədlərə əvvəlcədən təqdim ediləcək.
Ümumi təhsil üzrə sertifikatlaşdırmanın 2026-cı ilin iyun ayının ikinci yarısında keçirilməsi nəzərdə tutulur. Təxmini tarixlər 21, 22 və 23 iyun günləridir. Bu tarixlərdə Tarix, Təsviri incəsənət, Fiziki tərbiyə, Musiqi və Texnologiya fənləri üzrə müəllimlər üçün sertifikatlaşdırma imtahanları təşkil olunacaq. İmtahanların keçirilmə məkanı və digər detallı məlumatlar hər bir namizədin şəxsi kabinetinə ən azı bir ay əvvəl göndəriləcək.
Məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçilər üçün sertifikatlaşdırmanın oktyabr ayında keçirilməsi planlaşdırılır. Dəqiq tarixlər həmin dövrə yaxın açıqlanacaq".
NURİYYƏ