AZ

İctimai nəqliyyatda niyə yanımızda başqalarının oturmasını istəmirik?


Aparılan araşdırmalar ictimai nəqliyyatda sərnişinlərin tanımadıqları insanlarla yanaşı oturmamaq üçün müxtəlif üsullara əl atdığını ortaya çıxarıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Symbolic Interaction” jurnalında dərc olunan tədqiqatda qeyd olunub.
Tədqiqat Ester Kim tərəfindən aparılıb. O, üç il ərzində ABŞ-də avtobus səfərləri edərək sərnişinlərin davranışlarını müşahidə edib.
Məlum olub ki, sərnişinlər boş yer olduqda tanımadıqları şəxsin yanında oturmaq əvəzinə tək oturmağa üstünlük verirlər. Oturmuş sərnişinlər isə yanlarında kiminsə oturmaması üçün müxtəlif üsullara əl atırlar. Bunlara telefonla məşğul olmaq, əşyalarla diqqəti yayındırmaq, yuxulu və ya məşğul görünmək, hətta göz təmasından qaçmaq kimi davranışlar daxildir.
Bəzi hallarda sərnişinlər çantalarını yan oturacağa qoyaraq yerin tutulmuş görüntüsünü yaradırlar. Hətta qarşı tərəfin sualını eşitmirmiş kimi davranır və ya oturacağın artıq tutulduğunu bildirərək vəziyyətdən çıxmağa çalışırlar.
Avtobus tam dolmağa başlayanda isə vəziyyət dəyişir. Artıq seçim imkanı qalmadıqda insanlar məcbur qalaraq başqasının yanında oturmağı normal qəbul edirlər. Bu zaman əsas məqsəd tək oturmaq yox, sadəcə yer tapmaq olur.
Araşdırmada qeyd olunub ki, bu cür davranışların səbəblərindən biri ictimai nəqliyyatda təhlükəsizliklə bağlı narahatlıqlardır. İnsanlar yad birinin çox yaxın məsafədə oturmasını potensial təhdid kimi qəbul edə bilərlər. Bu, cibgirlik, şəxsi əşyaların oğurlanması və ya fiziki təcavüz qorxusu ilə birbaşa bağlıdır. Xüsusilə qadın sərnişinlər üçün naməlum şəxslərlə yaxın təmasda olmaq “arzuolunmaz toxunuşlar” riskini artırır.
Müasir cəmiyyətdə insanın “şəxsi məkanı” onun rahatlıq zonasıdır. Tanımadığımız birinin bu zonaya daxil olması beynimizdə “təhlükə siqnalı” yaradır. Yad adamla yanaşı oturmaq sərnişini daha həssas və müdafiəsiz hiss etdirir, çünki bu vəziyyətdə qaçmaq və ya özünü müdafiə etmək imkanları məhdudlaşır.
İnsanlar bir-birinə qarşı daha ehtiyatlı davranır və yad sərnişinlərin niyyətlərini proqnozlaşdıra bilmədikləri üçün etibar etməkdə çətinlik çəkirlər. Psixi sağlamlığı yerində olmayan və ya aqressiv davranış nümayiş etdirə biləcək şəxslərlə eyni məkanda qalmaq qorxusu insanları “təcrid olunmağa” sövq edir.
Yorğunluq, gecikmə və stress də bu münasibətləri daha da qapalı və “soyuq” edir. İş gününün sonundakı tükənmişlik hissi insanları emosional olaraq başqalarından uzaqlaşdırır. Belə vəziyyətdə hər hansı bir sosial qarşılıqlı əlaqə, hətta kiçik bir salamlaşma və ya yer vermək xahişi əlavə enerji itkisi və stress mənbəyi kimi qəbul edilir. Nəticədə, sərnişin öz daxili dünyasına çəkilərək ətrafındakılarla arasına görünməz divarlar hörür.

Fəridə Əsədzadə
Seçilən
12
1
yeniavaz.com

2Mənbələr