AZ

İran XİN başçısının Putinlə görüşü: Moskva İran müharibəsində kənarda qalmaq istəmir...

Rusiya bir tərəfdən müharibədən faydalanır, digər tərəfdən isə regional təsirini itirmək riski ilə üzləşir...

Müəllif: Markus Akkert
Neue Zürcher Zeitung qəzeti, Almaniya

İran və Rusiya yaxın müttəfiqlər hesab olunur, lakin hazırkı müharibədə Kreml hələlik ehtiyatlı mövqe sərgiləyir. Buna baxmayaraq, pilotsuz uçuş aparatlarının tədarükü və xüsusi xidmət orqanları arasında əməkdaşlıq vasitəsilə Moskva bölgədə təsirini qorumağa çalışır.

İranın xarici işlər naziri Abbas Əraqçi bazar ertəsi Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Görüş Sankt-Peterburqda Prezident Kitabxanasında baş tutub. Kreml rəhbəri qrafik xüsusiyyətlərinə görə iranlı qonağını keçmiş çar iqamətgahına dəvət edib. Görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Baş Kəşfiyyat İdarəsinin rəhbəri İqor Kostyukov və Putinin xarici siyasət üzrə müşaviri Yuri Uşakov da iştirak edib. Görüş nisbətən qısa olub və iranlıların əsas məqsədinin Rusiyanın dəstəyini təmin etmək olduğu ehtimal edilir.

2022-ci ildən etibarən hər iki ölkə bir-birindən daha çox asılı vəziyyətə düşüb. İran Qərbə qarşı mübarizədə və sanksiyaların təsirini azaltmaqda Rusiyanın əsas tərəfdaşlarından biri sayılır. Suriyada da tərəflər sıx əməkdaşlıq ediblər. Lakin ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra Rusiya konkret yardım göstərməkdən çəkinib, yalnız sözlərlə tənqid edib. Putin bildirib ki, ona İranın yeni ali dini lideri Müctəba Xameneyidən mesaj çatdırılıb, lakin məzmunu açıqlanmayıb. O, iranlıların suverenliklərini qorumaq uğrunda göstərdikləri “qəhrəmanlıq və cəsarəti” vurğulayıb və Yaxın Şərqdə tezliklə sülhün bərqərar olması üçün hər şeyi edəcəyini qeyd edib.

Bundan əvvəl ABŞ-nin Axios portalı yazmışdı ki, Tehran Vaşinqtona yeni təklif təqdim edib: Hörmüz boğazı tam açılmalı və müharibə dayandırılmalıdır, lakin nüvə proqramı ilə bağlı danışıqlar sonraya saxlanmalıdır. Əraqçi isə Sankt-Peterburqda bildirib ki, ABŞ danışıqlarda səhvlərə yol verib və həddən artıq sərt tələblər irəli sürüb. Putin bu təşəbbüsə açıq münasibət bildirməyib.

Rusiya həm qazanır, həm də itirir

Müharibə başlayandan Moskva çətin seçim qarşısında qalıb. Bir tərəfdən, bəzi müşahidəçilər ABŞ və İsrailin hərəkətlərini Rusiya üçün faydalı hesab edir. Yeni münaqişə ocağı diqqəti Ukraynadakı müharibədən yayındırır. Xammal qiymətlərinin artması və ABŞ-nin sanksiyalarında müəyyən yumşalmalar Rusiya büdcəsi üçün müsbət təsir göstərir.

Digər tərəfdən isə müharibə Kreml üçün ciddi risklər yaradır. İranın ali lideri Əli Xameneyinin öldürülməsi dövlət başçılarının hədəfə alınmasının “normaya çevrilə biləcəyi” siqnalını verib. Münaqişə həmçinin Rusiya üçün mühüm iqtisadi layihələri təhlükə altına qoyub. Bunlara “Şimal–Cənub” nəqliyyat dəhlizi, İran qaz habı layihəsi və yeni atom elektrik stansiyasının tikintisi daxildir.

Ekspert Nikita Smaqin hesab edir ki, İran müharibəsi Rusiyanın Yaxın Şərq strategiyasını ümumilikdə risk altına qoyur. Xüsusilə BƏƏ, Qətər və Səudiyyə Ərəbistanı kimi ölkələr Moskva üçün həm ticarət, həm də maliyyə baxımından daha vacib hala gəlib.

Kreml Yaxın Şərqdə təsirini qorumağa çalışır

Rusiya üçün məsələ yalnız iqtisadi maraqlarla məhdudlaşmır, həm də regional status və nüfuzla bağlıdır. Müharibə ərzində Moskva özünü prosesdən kənarda hiss edib və vasitəçilik rolunu digər ölkələr oynayıb. Halbuki Rusiya maraqları birbaşa zərər görüb, məsələn, İsfahandakı baş konsulluq və Buşehrdəki “Rosatom” tərəfindən tikilmiş AES ətrafında baş verən hadisələr.

Buna baxmayaraq, Kreml İsrail və ABŞ-ni qıcıqlandırmamaq üçün birbaşa müdaxilədən çəkinir. Eyni zamanda, Rusiya silah və kəşfiyyat əməkdaşlığı vasitəsilə münaqişədə rol oynamağa çalışır. Mart ayında İran “Geran” tipli pilotsuz aparatlarla təmin edilib ki, bu da əvvəllər istifadə olunan “Shahed” dronlarının inkişaf etdirilmiş versiyasıdır.

Rusiya rəsmiləri kəşfiyyat məlumatlarının ötürülməsi ilə bağlı iddiaları inkar etsələr də, bu mövzu ictimai müzakirədə qalır. Ekspertlər hesab edir ki, Kreml bu addımlarla münaqişənin gələcək həllində özünə əlavə təsir rıçaqları formalaşdırır. Əgər Tehran daha da təcrid olunarsa, Moskvanın təsirindən daha çox asılı vəziyyətə düşə bilər.

Bu baxımdan Abbas Əraqçinin Sankt-Peterburqa səfəri həm siyasi, həm də simvolik əhəmiyyət daşıyır. Görüş Kremlin İran müharibəsində sadəcə müşahidəçi olmaq niyyətində olmadığını göstərmək məqsədi daşıyır .

Poliqon.info

Seçilən
56
poliqon.info

1Mənbələr