Azərbaycan Prezidenti İlham Əliyev illər ərzində mədəniyyətlərarası dialoqun, enerji təhlükəsizliyinin və regional sabitliyin inkişafına verdiyi töhfələrə görə orden və mükafatlar alıb. Münaqişədən sonrakı dövrdə dövlətimizin başçısı Ermənistanla barışığa yönəlmiş birgə təşəbbüslərinə görə də təltif olunub.
Bu sırada xüsusilə, 2026-cı ildə nüfuzlu beynəlxalq “Zayed İnsan Qardaşlığı Mükafatı”nın verilməsini qeyd edə bilərik. Prezident İlham Əliyevə “Sülh və Barışıq üzrə Gernika Mükafatı”nın verilməsi Cənubi Qafqazdakı yeni siyasi reallığın beynəlxalq səviyyədə tanınmasının daha bir mühüm əlamətidir. Bu mükafat Gernika-Lumo Bələdiyyəsinin, Sülh Muzeyinin və Gernikanı Anma Tədqiqat Mərkəzinin iştirakı ilə təsis edilib. Tarixdən məlumdur ki, Gernika faciəsi 26 aprel 1937-ci ildə İspaniya vətəndaş müharibəsi zamanı faşist Almaniyasının “Kondor” legionunun təyyarələri tərəfindən Bask bölgəsindəki Gernika şəhərinin bombardman edilməsi hadisəsidir. Bu, hərbi hədəflərdən daha çox mülki əhalini hədəf alan və böyük dağıntılara səbəb olan ilk hava hücumlarından biri hesab olunur. Uzun illərdir ki, görkəmli rəssam Pablo Pikassonun “Gernika” əsəri müharibə əleyhinə şüurun universal simvolu kimi çıxış edir. Bu kontekstdə, Azərbaycan Prezidenti İlham Əliyevə belə bir nüfuzlu və vacib mükafatın verilməsi onun siyasətinin daha geniş beynəlxalq gündəliyin bir hissəsi kimi qəbul edilməsini vurğulayır.
İspaniya vətəndaş müharibəsinin ən dramatik epizodlarından biri olan Gernika faciəsinin anım günündə təqdim edilən bu mükafat dərin humanist məna daşıyır. Bu mükafat yalnız münaqişələrin ağır nəticələrindən sonra özündə güc taparaq, yaşamağı bacaranlara deyil, həm də onların aradan qaldırılması üçün effektiv mexanizmlər təklif edə bilənlərə ünvanlanıb. 44 günlük Vətən müharibəsindən və 1 günlük anti-terror əməliyyatından sonra Azərbaycan Ermənistanla uzunmüddətli sülh üçün gündəm təklif etdi. Bu isə qarşıdurmadan praqmatizmə keçid Bakının səylərinin beynəlxalq səviyyədə tanınması üçün əsas arqument idi. 2025-ci ildə Vaşinqtonda sülh müqavilələrinin paraflanması bu prosesin kuliminasiya nöqtəsi oldu. Bu, 30 ilə yaxın davam edən münaqişəyə son qoymaqla yanaşı, həm də Cənubi Qafqazın qarşıdurma deyil, əməkdaşlıq sahəsi kimi qəbul edildiyi yeni regional arxitekturanın formalaşmasına yol açdı.
Eyni zamanda, ölkənin beynəlxalq imicinin gücləndirilməsində mühüm amil onun aktiv humanitar siyasəti idi. Azərbaycan Avropadan Afrika və Asiyaya qədər onlarla ölkəyə yardım göstərdi. Bu fəaliyyət, xüsusilə COVID-19 pandemiyası dövründə, Bakının 80-dən çox ölkəyə maliyyə və tibbi yardım göndərdiyi və Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüslərini dəstəklədiyi zaman daha da nəzərə çarpdı.
Cənubi Qafqazın hazırda transformasiya dövrünü yaşadığı danılmazdır. İqtisadi layihələr, nəqliyyat dəhlizləri və enerji marşrutları əvvəlki münaqişə məntiqini tədricən əvəz edir. Bu kontekstdə Azərbaycanın rolu həlledici hala gəlir, ölkə regionun qlobal dəyər zəncirlərinə inteqrasiyasına yönəlmiş proseslərə başlayır. Prezident İlham Əliyevin dürüstlüyü və siyasi iradəsi ona yalnız status-kvonu dəyişdirməyə deyil, həm də münaqişədən sonrakı inkişaf üçün bir model təklif etməyə imkan vermişdir. Bundan əlavə, bu, təkcə ölkəmizin liderinin şəxsi rolunun deyil, həm də Azərbaycanın beynəlxalq səhnədəki bütün strategiyasının tanınmasını nümayiş etdirir.
Biz dövlətimizin başçısı cənab İlham Əliyevi Sülh və Barışıq üzrə Gernika Mükafatının verilməsi münasibətilə ilə ürəkdən təbrik edir. Azərbaycanın inkişafı naminə göstərdiyi şərəfli və məsuliyyətli fəaliyyətində uğurlar arzulayırıq!
Hicran Hüseynova,
Milli Məclisin komitə sədri, professor