AZ

Zelenski səfəri: Bakı-Kiyev münasibətlərində yeni istiqamətlər- ÖZƏL

Volodimir Zelenskinin Azərbaycana səfəri Bakı-Kiyev münasibətlərinin strateji əhəmiyyətini bir daha göstərdi. Səfər yalnız diplomatik görüşlərlə məhdudlaşmayaraq, iki ölkə arasında əməkdaşlığın yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilir və həm regional, həm də beynəlxalq müstəvidə diqqətlə təhlil olunur.

Bu səfər Azərbaycan-Ukrayna münasibətlərində hansı yeni istiqamətləri formalaşdıra bilər? Zelenskinin Bakıya səfəri regionda geosiyasi balanslara necə təsir göstərə bilər?
Mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:
"Azərbaycanla Ukrayna arasında münasibətlər yaxşı vəziyyətdə idi. Hər iki dövlət üçün ən əsas məsələlərdən biri, təbii ki, ərazi bütövlüyü və suverenlikdir. Bu məsələni hər iki dövlət qarşılıqlı münasibətlərdə daim dəstəkləyib.
Vaxtilə Azərbaycanın Qarabağ problemi var idi və biz Ukraynadan bu mövqeni görmüşük. İndi isə Ukraynanın torpaqları Rusiya tərəfindən işğal altındadır. Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Hətta son dövrlərdə Prezident İlham Əliyev bu məsələlərdə çox kəskin və qətiyyətli mövqe ortaya qoyur. Ukraynanın ərazi bütövlüyü ilə bağlı məsələlərdə də bu açıq şəkildə görünür. Ukraynalı jurnalistin Rusiya-Ukrayna müharibəsi ilə bağlı sualında da cənab Prezident açıq şəkildə bildirmişdi ki, işğalla barışmaq olmaz.
Bu mənada hər iki ölkənin münasibətləri yüksək səviyyədədir. Zelenskinin Azərbaycana səfəri, Qəbələdə keçirilən görüşlər bu münasibətləri yeni müstəviyə daşıyan mühüm məqamdır.
Hazırkı situasiyada Ukrayna ilə əməkdaşlıq Rusiyanı qıcıqlandıra və müəyyən gərgin reaksiyalara səbəb ola bilər. Amma Rusiyapərəst və Rusiyanı dəstəkləyən dairələri çıxmaq şərtilə, rəsmi səviyyədə Rusiyadan kəskin narahatlıq reaksiyası müşahidə olunmur.
Hətta belə bir fikir də səslənmişdi ki, Rusiya-Ukrayna danışıqları Azərbaycanda, xüsusilə Bakıda keçirilə bilər. Bu məsələyə də Rusiya tərəfindən normal reaksiya gördük. Bu isə göstərir ki, Azərbaycanın Ukrayna ilə münasibətləri Rusiyanı qıcıqlandırmaq məqsədi daşımır, əksinə əməkdaşlıq üçün yeni imkanlar yaradır.
Düşünürəm ki, növbəti mərhələdə prezidentlərin görüşləri, Azərbaycanın Ukraynaya humanitar yardımının davam etməsi, həmçinin Ukraynada müəyyən bərpa-quruculuq işlərinə dəstəyin göstərilməsi kimi məsələlər də gündəmdə olacaq. Bununla yanaşı, Ukrayna vasitəsilə Azərbaycanın neft, qaz və digər alternativ enerji resurslarının Avropaya çıxarılması, eləcə də digər geosiyasi və iqtisadi məsələlər də müzakirə olunub. Eyni zamanda, Rusiya ilə Ukrayna arasında sülhün əldə olunması üçün rəsmi Bakının müəyyən təşəbbüslər göstərməsi və bu istiqamətdə imkanlarının olması məsələsi də diqqət mərkəzindədir. Ümumilikdə demək olar ki, bu səfər və görüşlər hər iki ölkə münasibətlərini yeni mərhələyə keçirən, eyni zamanda regional sülh və sabitliyə töhfə verə biləcək mühüm hadisədir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
27
50
olaylar.az

10Mənbələr