JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze
Landscape 1

Dövlət başçısı cənab İlham Əliyevin Volodimir Zelenskinin Azərbaycana 25 aprel tarixli səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycan ilə Ukrayna arasında münasibətlərin hazırkı vəziyyətini və gələcək inkişaf istiqamətlərini əhatəli şəkildə əks etdirir.

Bəyanatda siyasi dialoqdan iqtisadi əməkdaşlığa, energetika və hərbi-texniki sahələrdən beynəlxalq platformalarda qarşılıqlı dəstəyə qədər geniş spektrdə məsələlərə toxunulmuşdur. Ölkə başçısı çıxışında vurğulamışdır ki, Azərbaycan-Ukrayna münasibətləri möhkəm siyasi təməl üzərində qurulmuşdur. Bu təməli formalaşdıran əsas amillərdən biri 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakı şəhərində imzalanmış strateji tərəfdaşlığa dair sənədlərdir. Həmin sənədlərdə hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləməsi açıq şəkildə təsbit edilmişdir.

Bu prinsipial mövqe bu gün də dəyişməz olaraq qalır və tərəflər beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək göstərməkdə davam edirlər. Son illərdə prezidentlər səviyyəsində keçirilən görüşlərin intensivliyi də münasibətlərin dinamik inkişafından xəbər verir. Son dörd il ərzində yeddi görüşün baş tutması, o cümlədən sonuncu görüşün Münxen şəhərində keçirilməsi iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu nümayiş etdirir. Bu görüşlər qarşılıqlı etimadı gücləndirir və əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir. Bəyanatda qeyd olunduğu kimi, ötən il Azərbaycan-Ukrayna əlaqələrinin inkişafında mühüm addımlar atılmışdır. Bakıda Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr keçirilmiş, eyni zamanda Hökumətlərarası Komissiyanın iclası təşkil olunmuşdur. Bu platformalar əməkdaşlığın koordinasiyası və yeni təşəbbüslərin irəli sürülməsi baxımından mühüm rol oynayır.

Tərəflər bu mexanizmlərin davam etdirilməsi və növbəti görüşlərin Ukraynada keçirilməsi ilə bağlı razılığa gəlmək niyyətində olduqlarını bildirmişlər. Prezident İlham Əliyev nitqində energetika sahəsində əməkdaşlığa da xüsusi qeyd etmişdir. Bu sahədə əldə olunmuş nailiyyətlərin bariz nümunəsi kimi SOCAR-ın Ukraynada uzun illərdir uğurla fəaliyyət göstərməsi göstərilmişdir. SOCAR-ın fəaliyyəti iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşməsinə və enerji sektorunda qarşılıqlı faydalı tərəfdaşlığın inkişafına mühüm töhfə verir. Bəyanatda hərbi-texniki əməkdaşlıq da xüsusi yer tutmuşdur. Möhtərəm Prezident qeyd etmişdir ki, həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və bu sahədə birgə istehsal imkanları kifayət qədər genişdir. Müdafiə sənayesi sahəsində əməkdaşlıq yalnız təhlükəsizlik baxımından deyil, həm də texnoloji inkişaf və sənaye potensialının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Tərəflər birgə istehsal layihələrinin həyata keçirilməsi, təcrübə mübadiləsi və sənaye kooperasiyasının genişləndirilməsi istiqamətində konkret addımların atılması barədə fikir mübadiləsi aparmışlar. Bu isə əməkdaşlığın daha dərin və çoxşaxəli xarakter almasına zəmin yaradır. Faktdır ki, bu gün Azərbaycan ilə Ukrayna arasında münasibətlər qarşılıqlı hörmət, etimad və milli maraqların nəzərə alınması prinsipləri üzərində qurulmuşdur. Bu yanaşma tərəfdaşlığın dayanıqlı və uzunmüddətli olmasını təmin edir. Beləliklə, verilən bəyanat Azərbaycan-Ukrayna münasibətlərinin yalnız mövcud vəziyyətini deyil, həm də gələcək inkişaf trayektoriyasını aydın şəkildə ortaya qoyur. Siyasi, iqtisadi, energetika və hərbi-texniki sahələrdə genişlənən əməkdaşlıq iki ölkə arasında strateji tərəfdaşlığın daha da güclənəcəyini deməyə əsas verir.

Ceyhun Quliyev
Neftçala rayonu



JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX