AZ

"Rossiya-1"də yoxlamalar- Solovyovun verilişləri bağlana bilər

“Roskomnadzor” aprelin 16-da yayımlanan “Veçer s Vladimirom Solovyovım” tok-şousuna görə ”Rossiya 1” kanalını yoxlamağa başlayıb. Buna səbəb aparıcının bloger Viktoriya Bonya barədə səsləndirdiyi təhqiramiz ifadələr olub.

Musavat.com xəbər verir ki, bu barədə “Mojem obyasnit” nəşri məlumat yayıb. Nəşrin əldə etdiyi məlumata görə, proqramla bağlı şikayətdə vurğulanır ki, Solovyovun proqramı “12+” yaş məhdudiyyəti ilə yayımlandığı üçün onu uşaqlar da izləyə bilərdi və qanunvericiliyə görə, efirdə bu cür nalayiq ifadələrə yol verilməməlidir. Maraqlıdır ki, qurum şikayəti icraata götürüb.

Bundan əlavə, “Roskomnadzor” ”Solovyov Live” kanalını da “Uşaqların sağlamlığı və inkişafına zərər verən informasiyadan qorunması haqqında” qanunun pozulması ehtimalı ilə yoxlayır. Şikayətə əsasən, aparıcının səhər verilişində yaş məhdudiyyəti ümumiyyətlə göstərilməyib.

Bundan əvvəl Kseniya Sobçak da Rusiyanın İstintaq Komitəsinə müraciət edərək, qurum rəhbəri Aleksandr Bastrıkindən Solovyovun Bonya barədə dediklərinə hüquqi qiymət verilməsini istəyib.

Yada salaq ki, aprelin ortalarında Viktoriya Bonya Vladimir Putinə videomüraciət edərək ölkədəki beş əsas problemi səsləndirmişdi. Kremlin cavabında bildirilib ki, bu müraciətdə “rezonans doğuran mövzular” qaldırılıb və onların üzərində “geniş iş aparılır”.

Bu müraciətdən sonra Solovyov Bonyanı canlı efirdə ən aşağı sözlərlə təhqir edib. Buna cavab olaraq Bonya Solovyova qarşı qadınları təhqir etdiklərinə görə kollektiv məhkəmə iddiası qaldırmaqla hədələyib.Sosial şəbəkə istifadəçiləri də Bonyanı dəstəkləyiblər. Onlar Solovyovdan üzr istəməsini tələb ediblər.

Yada salaq ki, son vaxtlar onun adı həm yaratdığı xeyriyyə fondundan keçən iri maliyyə axınları, həm də ailəsinin həyat tərzi ilə bağlı ziddiyyətlər fonunda da yenidən diqqət mərkəzinə düşüb.

Bəllidir ki, 2022-ci ilin oktyabrında “SVR” (Solovyov Vladimir Rudolfoviç) adlı fond yaradılıb. Rəsmi olaraq bu qurumun məqsədi müharibə iştirakçılarına yardım göstərməkdir. Solovyov tez-tez böyük ianə kampaniyaları təşkil edir və on milyonlarla, hətta yüz milyonlarla rublun toplandığını bəyan edir.

Amma bu vəsaitlərin şəffaflığı ciddi suallar doğurur. Faktiki olaraq, milyardlarla rublun keçdiyi bir strukturdan söhbət gedir, lakin bu pulların necə və kim tərəfindən bölüşdürüldüyü cəmiyyət üçün qapalı qalır. Daha diqqətçəkən məqam isə ailəsi ilə bağlıdır. Solovyovun oğlu Londonda yaşayır və model kimi fəaliyyət göstərir. Rusiya təbliğatında tez-tez “düşmən mərkəzi” kimi təqdim olunan bir şəhərdə yaşaması, atasının ictimai çıxışlarında müdafiə etdiyi dəyərlərlə açıq ziddiyyət təşkil edir.

 

Musavat.com

Seçilən
21
musavat.com

1Mənbələr