AZ

“Michael” filmi rekord qırdı

“Michael” filmi rekord qırdı

Pop musiqisinin kralı Maykl Ceksonun həyatından bəhs edən “Michael” filmi kinoteatrlarda rekordlara imza atıb.

AFN.az xəbər verir ki, bioqrafik janrda olan ekran əsəri ilk həftəsonu nümayişində qlobal miqyasda 217 milyon dollar gəlir əldə edib.

Həyatı boyu milyonlarla pərəstişkar qazanan və unudulmaz mahnılara imza atan Cekson qlobal şöhrəti və saysız-hesabsız mükafatları ilə “Popun Kralı” titulunu qazanıb.

Məşhur sənətçinin həyatını mövzu alan “Michael” filmi də prokatlarda bu şöhrətə layiq bir başlanğıc edib.

Aprelin 24-də dünya miqyasında nümayişə girən film təkcə ABŞ və Kanadada 97 milyon dollar gəlir gətirib.

Film qlobal hasilatın 217 milyon dollara çatması isə xüsusi diqqət çəkib.

Qeyd edək ki, açılış həftəsonu rekordu bundan əvvəl 2023-cü ildə ekranlara çıxan “Oppenheimer” filminə məxsus idi.

Digər bir musiqi əfsanəsi Freddi Merkurinin həyatından bəhs edən “Bohemian Rhapsody” isə 2018-ci ildə dünya miqyasında 124 milyon dollar gəlir əldə etmişdi.

“Michael” filmi məşhur müğənninin şöhrət pilləkənlərində ucalmasını və bu müddət ərzində yaşadıqlarını mövzu alır.

Baş rolda isə Ceksonun qardaşı oğlu Cafar Cekson çıxış edir.

Ekran əsəri təriflərlə yanaşı, tənqidlərlə də üzləşib. Bəzi tənqidçilər ekran işində sənətçinin həyatındakı mübahisəli hadisələrə yer verilmədiyini qeyd edirlər.

Cekson ailəsinin bəzi üzvləri də filmə qarşı çıxırlar.

Belə ki, sənətçinin bacısı Canet Ceksonun adı filmdə heç çəkilmir, qızı Paris Cekson isə layihə haqqında “xəyal dünyası” şərhini verib.

Filmdə hadisələr 1988-ci ildə yekunlaşır. Bunun səbəbi isə kifayət qədər diqqətçəkicidir.

Cekson 1990-cı illərdə o zaman 13 yaşında olan Cordan Çandler adlı uşaq tərəfindən cinsi istismarda ittiham olunmuşdu.

Məşhur sənətçi 1994-cü ildə 23 milyon dollar ödəyərək məhkəmə işini bağlamışdı.

Filmin bir hissəsi bu mövzunu əhatə etsə də, prodüserlər Çandlerin adının hüquqi səbəblərdən istifadə edilə bilməməsi nəticəsində səhnələri yenidən çəkməli olublar.

Xatırladaq ki, Maykl Cekson 25 iyun 2009-cu ildə 50 yaşında vəfat edib.

Seçilən
11
afn.az

1Mənbələr