Kiyev hakimiyyəti əlavə vəsait əldə etmək üçün Aİ ölkələrinin "əsəbləri ilə oynayır".
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyanat verib, onun sözlərini TASS agentliyi yayıb.
"Görünür, Avropanın mərkəzində şüurlu şəkildə radioloji təhdidlər yaradan Kiyev, qərbli sponsorlarının əllərini ciblərinə daha tez atması üçün onların əsəbləri ilə oynamaqdan çəkinmir", - deyə diplomat bildirib.
Onun fikrincə, Ukrayna nüvə təhlükəsizliyinə önəm vermir və atom obyektlərinə, o cümlədən Zaporojye Atom Elektrik Stansiyasına (AES) zərbələr endirməyə davam edir. Bununla əlaqədar Zaxarova MAQATE Katibliyini Kiyevə təzyiq göstərməyə çağırıb. O hesab edir ki, beynəlxalq birlik Ukrayna hakimiyyətinə layiq olduğu hökmü verməyə borcludur.
Aprelin 27-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri (USQ) Zaporojye AES-in peyk-şəhəri olan Enerqodara hücum etməyə cəhd göstərib. Şəhər rəhbəri Maksim Puxovun sözlərinə görə, düşmən dronların köməyi ilə mobil rabitə qüllələrini vurmaq istəyib. Hava hücumundan müdafiə (HHM) qüvvələri hücumun qarşısını uğurla alıb.
Bundan əvvəl "Rosatom"un baş direktoru Aleksey Lixaçov bildirmişdi ki, Zaporojye AES zonasında Ukrayna qoşunlarının zərbələrinin sayı artmaqdadır. O qeyd edib ki, USQ-nin tək bir məqsədi var panika yaratmaq və heyəti çaşdırmaq.
Xədicə BAXIŞLI