AZ

Yaddaşı bərpa edən möcüzəvi sprey hazırlanıb

Alimlər qocalma ilə bağlı yaddaş problemlərini aradan qaldıran inqilabi bir burun spreyi hazırlayıblar.

 “The İndependent” nəşrinin məlumatına görə, cəmi iki dozada istifadə edilən bu spreyin təsiri aylarla davam edir.

Məlum olub ki, yaşlandıqca beyində yaranan gizli iltihab dalğası yaddaşın zəifləməsinə və “beyin dumanı”na səbəb olur. Yeni sprey məhz bu iltihabı təmizləyir. Sprey milyonlarla mikroskopik “bioloji paket”dən ibarətdir. Bu paketlər beynin sərt qoruyucu səddini asanlıqla keçərək birbaşa beyin toxumasına çatır. Paketlərin içindəki xüsusi genetik yüklər beynin siqnal yollarını nizamlayır və yaşlı beyinlərdə iltihab yaradan zərərli proteinləri sıradan çıxarır.

Bu müalicə üsulu beyin hüceyrələrinin daxili enerji mərkəzlərini yenidən aktivləşdirərək onlara əvvəlki enerjisini qaytarır. Siçanlar üzərində aparılan sınaqlarda heyvanların həm əşyaları tanıma, həm də ətrafdakı dəyişiklikləri qavrama qabiliyyətinin xeyli artdığı müşahidə olunub. Tədqiqatçılar bu metodun gələcəkdə Altsheymer xəstəliyinin və insultun fəsadlarının müalicəsində böyük dönüş yaradacağını düşünürlər.

Alimlərin əsas hədəfi insanların həm uzun yaşaması, həm də qocalanda zehni cəhətdən itigöz, sağlam və aktiv qalmasını təmin etməkdir. Artıq sprey üçün ABŞ-də patent müraciəti edilib və yaxın gələcəkdə insanlar üzərində sınaqlara başlanılması planlaşdırılır.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
16
azerbaijan-news.az

1Mənbələr