AZ

Rusiyanı Afrikadan da sıxışdırırlar

Moskvanın Afrikadakı hərbi dayaqlarından biri sayılan Kidal şəhərinin itirilməsi diqqət çəkib.

Musavat.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinə bağlı “Afrika Korpusu” Malinin şimal-şərqində yerləşən strateji Kidal şəhərini tərk etdiyini rəsmən təsdiqləyib.

Məlumata görə, Rusiya qüvvələri və Mali hökumət ordusu silahlı anti-hökumət qruplarının hücumlarından sonra şəhəri boşaldıblar.

Bundan əvvəl bir neçə mənbə rus qüvvələrinin irəliləyən üsyançılarla aparılan danışıqlardan sonra Kidalı tərk etdiyini yazmışdı. Şəhər regionun əsas mərkəzlərindən biri hesab olunur.

Şənbə günü anti-hökumət dəstələri paytaxt Bamako və ölkənin şimalındakı bir sıra şəhərlərə koordinasiyalı hücumlar təşkil ediblər.

Döyüşlər zamanı Rusiyanın “Afrika Korpusu”na məxsus helikopterin vurulduğu da bildirilir. Rusiya hərbi teleqram kanalı Fighterbomber yazıb ki, helikopterin ekipajı və göyərtədə olan mobil atəş qrupu həlak olub.

Bazar günü axşam isə Mali hakimiyyəti ölkənin müdafiə naziri Sadio Kamaranın öldüyünü rəsmi şəkildə təsdiqləyib.

Qeyd edək ki, Rusiya son illərdə Afrikada təsirini əsasən “Vaqner” özəl hərbi şirkəti vasitəsilə genişləndirmişdi. Xüsusilə Mali, Mərkəzi Afrika Respublikası və Burkina-Fasoda Moskva hərbi iştirakını artırmışdı.

Lakin Kidal kimi mühüm şəhərin itirilməsi göstərir ki, vaxtilə “Vaqner”in qurduğu təsir şəbəkəsi zəifləyir və Rusiya artıq Afrikada da ciddi müqavimətlə üzləşir.

Musavat.com

Seçilən
13
musavat.com

1Mənbələr