AZ

Masallıda şəhid Faiq Şükürovun xatirəsi anılıb

Şəhid Faiq Şükürovun xatirəsi anılıb - MASALLIDA

 

Şəhadətindən 32 il ötür

Aprelin 26-da, Masallıda Birinci Qarabağ müharibəsi şəhidi Faiq Şükürovun anım tədbiri keçirilib.
Lürən kənd ərazi vahidliyinə daxil olan Pircana kəndindəki anım günündə “Babək- 44” taborunun qəhrəman döyüşçüləri, şəhid Faiq Şükürovun anası Cahan ana, şəhid Şahin Əliyevin anası Mahruq ana, şəhid ailələrinin üzvləri, I və II Qarabağ müharibəsi iştirakçıları, ağsaqqal və ziyalılar, kənd sakinləri iştirak ediblər.
“Şəhidlər” abidəsi önündə təşkil olunan tədbir öncəsi torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli və Aprel şəhidi Nurlan Əsgərlinin atası Bayram Əsgərov, şəhid Əli Quliyevin atası Turac Quliyev, şəhid Fayəddin Xancanovun qardaşı Rizvan Rzayev, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, şəhidin  döyüş yoldaşları İxtiyar Cabbarov, Seymur İsmayılov, Emin Şahbazov, kənd sakini Tariyel Nurullayev və başqaları şəhidin qısa və şərəfli ömür yoluna nəzər salıb, qəhrəmanlığından bəhs edib, xatirələrini bölüşüblər.
Bildirilib ki, Şükürov Faiq Xubalı oğlu 12 sentyabr 1973-cü ildə Masallı rayonunda, Lürən ərazisinin Pircana kəndində dünyaya göz açıb. 1988-ci ildə Lürən kənd səkkizillik məktəbini, 1991-ci ildə Masallı 137 nömrəli Texniki-Peşə Məktəbini və sürücülük kursunu bitirib. Məktəb illərindən idmanın karate növü ilə məşğul olub. 1991-ci ilin payızında ordu sıralarına yollanıb. Bakı və Gəncə şəhərlərində, Tərtər və Beyləqan rayonlarındakı “N” saylı hərbi hissələrdə xidmət edib. 1992-ci ilin mart ayından Vətənin müdafiəsi uğrunda döyüşlərə qatılıb. Tərtər-Goranboy cəbhəsinin müdafiəsində, Sərsəng su anbarı ətrafında gedən döyüşlərdə, Ağdərə-Başkənd və digər əməliyyatlarda şücaəti, igidliyi ilə fərqlənib. Horadiz stansiyasının azad edilməsi zamanı ağır yaralanan Faiq müalicə aldıqdan sonra yenidən səngərə qayıdıb. 
“Babək – 44” taborunun fədakar döyüşçüsü, qorxubilməz pulemyotçu Faiq Şükürov həmişə öndə olmağa, düşmən üzərinə şığımağa can atıb. Eyni zamanda bacarıqlı sürücü kimi idarə etdiyi yük maşını ilə ən təhlükəli yerlərdən belə döyüşçülərimizə silah-sursat, ərzaq ehtiyatı daşımaqdan çəkinməyib.     
1994-cü il aprelin 26-da Füzuli rayonunun Aşağı Veysəlli kəndi uğrunda, “Şişqaya” istiqamətində gedən ağır döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Doğulduğu ünvanda torpağa tapşırılıb.
Şəhidin qardaşı Mübariz Şükürov ailəyə göstərilən diqqət və qayğıya görə ölkə başçısına, eləcə də tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlıq bildirib.
Şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək ruhuna dualar oxunub.

 

Akif AĞAYEV
 

Seçilən
4
qht.az

1Mənbələr